İspaniya və Portuqaliya hakimiyyət orqanları ölkələrin fəaliyyətini iflic edən kütləvi elektrik kəsintisindən sonra nəqliyyat şəbəkələrinin və infrastrukturun işini bərpa etmək üçün ciddi səylər göstəriblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times"
yazır.
İspaniya enerji şəbəkəsinin operatoru "Red Eléctrica” bəyan edib ki, yerli vaxtla çərşənbə axşamı səhər saat 6-ya olan vəziyyətə görə, enerji tələbatının 99%-dən çoxu artıq bərpa olunub. Kəsinti səbəbindən milyonlarla insan gecəni qaranlıqda keçirib.
Qeyd olunur ki, kəsintinin başlanmasından təxminən 24 saat keçməsinə baxmayaraq, hələ də bunun səbəbi açıqlanmayıb. İspaniyanın Baş naziri Pedro Sançes bazar ertəsi gecə televiziya müraciətində bildirib ki, "bütün mümkün səbəblər analiz olunur”.
FT-nin məlumatına görə, İspaniyanın milli dəmir yolu operatoru "Renfe” çərşənbə axşamı bəyan edib ki, bəzi xidmətlər – xüsusən Madrid və Barselona arasındakı qatarlar – adi rejimdə işləyəcək. Madrid ətrafındakı bəzi şəhərətrafı marşrutlar da bərpa olunub, lakin paytaxt metrosunun fəaliyyəti hələlik dayandırılıb. İspaniyanın əsas hava limanları operatoru "Aena” isə uçuşlarda fasilələrin davam edəcəyi barədə xəbərdarlıq edib.
Xatırladaq ki, 28 aprel tarixində Avropada baş vermiş genişmiqyaslı elektrik kəsintisi İspaniya və Portuqaliyanı iflic vəziyyətinə salmışdı. Kəsinti Madrid və Lissabondan tutmuş Pireney yarımadasının böyük hissəsinə qədər bir çox şəhərləri işıqsız qoymuşdu. O zaman İspaniyada enerji təchizatının bərpasının "6-9 saat arasında vaxt aparacağı” bildirilmişdi.
Portuqaliyanın enerji operatoru "E-Redes” həmin vaxt bildirmişdi ki, elektrik enerjisinin verilişindəki kəsinti "Avropa enerji sistemində yaranmış problemlər” səbəbilə baş verib.
İşığın genişmiqyaslı kəsilməsi səbəbindən İspaniya hökuməti Madriddə, Əndəluda, Ekstremadurada və Mursiyada fövqəladə vəziyyət elan edib.
Alpər
Şərhlər