Xəbər lenti

4 min il əvvəl dövlət necə idarə olunurdu? - İraqda tapılan gil lövhələr bu suala cavab verir
Dünya 23:19 20.05.2025

4 min il əvvəl dövlət necə idarə olunurdu? - İraqda tapılan gil lövhələr bu suala cavab verir

"British Museum" və İraqdan olan arxeoloqlar tarixin ilk imperiyası sayılan Akadların dövlət idarəçiliyinə dair mühüm məlumatlar ehtiva edən 200-dən çox gil lövhəni gün üzünə çıxarıblar. 

Qaynarinfo xəbər verir ki, eramızdan əvvək 2300-2150-ci illərə aid olan bu mixi yazılı lövhələr, İraqın Tello şəhəri ərazisində yerləşən qədim Sümer şəhəri Girsuda tapılıb və Akad sülaləsinin mürəkkəb bürokratiyasını əks etdirməsi baxımından olduqca əhəmiyyətlidir.

Girsu şəhəri və Akadların yüksəlişi

E.ə. 4500-cü ildə müstəqil şəhər-dövlət kimi qurulan Girsu, xüsusilə e.ə. 2600-2200-cü illər arasında özünün ən parlaq dövrünü yaşayıb. Şəhər  Sümerin qəhrəmanlıq tanrısı Ningirsuya həsr olunmuş müqəddəs ərazi kimi tanınıb. E.ə. 2300-cü illərdə Mesopotamiya kralı Sarqon tərəfindən fəth edilən Girsu daha sonra paytaxtı bugünkü Bağdada yaxın yerləşən Akad şəhərindən adını alan Akad sülaləsinin tərkibinə daxil edilib.

Dövlət idarəçiliyinə dair əsl sübutlar

Araşdırmalara görə, lövhələr və 50 silindrik möhür kərpic divarlardan ibarət böyük dövlət arxivi binasında aşkarlanıb. Lövhələrdə mixi yazı simvolları ilə binaların planları, su kanallarının xəritələri, un, heyvan və tekstil kimi məhsulların alqı-satqısı və təhvil-təslimi dəqiqliklə qeyd olunub. Həmçinin, geniş miqyaslı ad və vəzifə siyahıları da yer alır.

Ən maraqlı məqam isə Akad dövlətinin qızıl, gümüş və hətta pivə kimi mayeləri ölçmək üçün standartlaşdırılmış ölçü sistemindən istifadə etməsidir. Bu, o dövr üçün mütəşəkkil idarəçiliyin göstəricisidir.

Qadınların cəmiyyətdəki rolu

"British Museum"un qədim Mesopotamiya kuratoru Sebastyen Rey bu lövhələrin dünyadakı ilk imperiyanın əsl idarəçilik göstəriciləri olduğunu vurğulayıb. O, tapıntıların orijinal kontekstdə - yerində qorunaraq üzə çıxarılmasının nadir bir hal olduğunu qeyd edib.

Lövhələrdə qadınların da cəmiyyətdə əhəmiyyətli mövqelərə sahib olduğu görünür. Reyin sözlərinə görə, əsasən kişilər tərəfindən idarə olunan bir cəmiyyətdə olsalar da, yüksək rütbəli qadın rahibələr mühüm vəzifələr daşıyırdılar. Bu, Sümerlərdə qadınların digər qədim cəmiyyətlərlə müqayisədə daha yüksək statusa malik olduğunu göstərir.

Etibarlı yazılı mənbələr azdır

Akad dövrünə aid əksər yazılı mənbələrin daha sonra hazırlanmış və etibarlılığı şübhə doğuran surətlər olduğu üçün bu tapıntılar dövrün idarə sisteminə dair çox əhəmiyyətli və nadir məlumatlar təqdim edir.

İraq Süleymaniyyə Amerika Universitetinin Arxeologiya və Mədəni İrs Mərkəzinin direktoru Tobin Hartnell də bu tabletlərin Akadların imperiyanı, xüsusilə də sərhəd şəhərlərini necə idarə etdiklərinə dair önəmli kontekst yaratdığını bildirib.

Tabletlər Bağdada göndəriləcək

Hazırda tabletlər yazıların tam şəkildə oxuna bilməsi üçün İngilis-Amerikalı konservator Dana Qudbern-Braunun nəzarəti altında təmizlənir. Tapıntılar "British Museum" ilə İraqın Dövlət Tarixi və İrs İdarəsi arasında imzalanmış "Girsu Layihəsi" çərçivəsində qorunur. Son mərhələdə isə bu əhəmiyyətli arxeoloji materiallar Bağdad şəhərində yerləşən İraq Muzeyinə təhvil veriləcək və burada daha dərindən təhlil ediləcək.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->