Xəbər lenti

10 mindən çox apellyasiya müraciəti: Emosional narazılıq, ya DİM-in məsuliyyətsizliyi?
Ölkə 14:24 05.05.2025

10 mindən çox apellyasiya müraciəti: Emosional narazılıq, ya DİM-in məsuliyyətsizliyi?

"2025-ci ildə yalnız 11-ci siniflərin buraxılış imtahanlarından sonra 10 min 981 nəfərin apellyasiya müraciəti etməsi təkcə statistika deyil, eyni zamanda bu sistemə olan inamsızlığın və etimad böhranının açıq sübutudur. Bu sadəcə fərdi narazılıqların kütləvi narazılığa çevrildiyini göstərir".

Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Kamran Əsədov bildirib. 

Ekspert hesab edir ki, söhbət yalnız emosional narazılıqdan yox, həm də sistemli və texniki səhvlərlə yüklənmiş qiymətləndirmədən gedir: 

"İmtahan sistemində insan faktorunun olması təbii haldır, lakin bu faktorla birlikdə mexanizmlərin şəffaf və ədalətli qurulması əsas şərtdir. Əks halda, bu faktor neqativ təsirə çevrilir və nəticələrdə kütləvi haqsızlıqlara yol açır. DİM-in keçirdiyi imtahanlarda isə artıq uzun illərdir ki, insan faktoru bir təhlükə halını alıb. Müəllimlər tərəfindən aparılan yoxlamalar zamanı ciddi fərqlər, subyektivlik, bəzən isə açıq-aşkar səhvlər müşahidə olunur. Bunu sübut edən nümunələr çoxdur. 2024-cü ildə apellyasiya nəticəsində 2 şagirdin əvvəlcə aşağı bal aldığı, lakin daha sonra maksimum 300 bala layiq görüldüyü faktı, DİM-in yoxlamalarının bəzən hansı səviyyədə qeyri-peşəkar həyata keçirildiyini göstərir. Sual olunur: əgər bu qədər fərq varsa, ilkin nəticə hansı əsasla elan olunmuşdu? Ən narahatedici məsələ isə odur ki, DİM apellyasiya prosesində şəffaflığı aradan qaldırıb. Əvvəllər şagird və ya valideyn apellyasiya şikayəti verdikdə onlarla əlaqə saxlanılırdı – telefon və ya videoformatda, məsələnin mahiyyəti izah edilir, qarşılıqlı dinlənmə təmin olunurdu. İndi isə bu təcrübə ləğv olunub. Müraciəti edən tərəf dinlənilmir, ona cavab haqqı verilmir, qərarı qapalı formada ekspert qrup qəbul edir".
 


Kamran Əsədovun fikirincə, bu təhsildə ədalət prinsiplərinə tamamilə ziddir: 

"Apellyasiyanın mahiyyəti qarşılıqlı hüquq və mülahizəyə əsaslanan proses olmalıdır. DİM isə bu prosesi bir növ "möhürlənmiş qutuya” çevirib. DİM-in son illərdəki fəaliyyəti göstərir ki, bu qurum artıq əvvəlki dövrlərdəki nisbi etimadı belə itirmək üzrədir. Tənqidlər təkcə texniki və qiymətləndirmə səviyyəsində deyil, həm də qurumun idarəetmə və yanaşma baxımından böhrana düşdüyünü göstərir. Təəssüf ki, vətəndaş cəmiyyətinin çağırışları, təhsil ekspertlərinin xəbərdarlıqları və media təzyiqləri də DİM-in yanaşmasında əhəmiyyətli dəyişikliklərə səbəb olmur”. 

Ekspert bildirib ki, ən ciddi problem isə məsuliyyətin olmamasıdır:

"Əgər DİM şagirdin həyatını müəyyən edən imtahan nəticəsində səhv edirsə, bu, bir uşağın taleyini dəyişə bilər. Amma bu səhvə görə nə bir şəxs cəzalandırılır, nə də ictimaiyyətə izahat verilir. Amma şagird bir imla səhv etsə, nəticəsi ağır olur. İkiüzlü yanaşma sistemə olan inamı daha da sarsıdır. DİM təkcə imtahan keçirən bir qurum deyil, eyni zamanda gənclərin gələcəyinə birbaşa təsir edən bir mexanizmin başında dayanır. Bu qurumun etibarsızlığı, səhvləri və qapalı idarəçiliyi Azərbaycan təhsil sistemində dərin struktur islahatlarının nə qədər zəruri olduğunu göstərir”. 

Ekspertin sözlərinə görə, əgər bu islahatlar tezliklə həyata keçirilməzsə, DİM sadəcə bir qiymətləndirmə qurumu deyil, sosial gərginlik mənbəyinə çevriləcək:

"Artıq zaman çatıb ki, DİM-in fəaliyyətinə ictimai nəzarət gücləndirilsin, apellyasiya mexanizmləri tamamilə yenidən qurulsun, qiymətləndirmə prosesində şəffaflıq təmin edilsin və hər bir səhv üçün hüquqi və inzibati cavabdehlik mexanizmləri tətbiq olunsun. Əks halda, təhsildə ədalət prinsipi yalnız kağız üzərində qalacaq".

Bahar Rüstəmli

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->