Xəbər lenti

Zəngin antioksidant mənbəyi: Yaşıl çayı necə və nə zaman içmək olar?
Sağlamlıq 08:45 05.02.2026

Zəngin antioksidant mənbəyi: Yaşıl çayı necə və nə zaman içmək olar?

Yaşıl çay - aşağı kalorili içki olub, antioksidantlarla zəngindir. Antioksidantlar hüceyrələrə həm daxildən, həm də xaricdən gələn ziyanları, məsələn, ətraf mühitin çirkliliyi və siqaret çəkmə nəticəsində yaranan təsirləri azalda bilər.

Qaynarinfo "Health" jurnalına istinadən xəbər verir ki, yaşıl çayı rasionunuza əlavə etməklə antioksidant qəbulunu artıra bilərsiniz, lakin onu hansı vaxtda içməyin daha faydalı olduğunu bilmək vacibdir.

Yaşıl çayı ən yaxşı nə vaxt içmək olar?

* Səhər yeməyindən 1–2 saat sonra: Çayda katexin adlanan antioksidantlar var, onlar bitki mənşəli qidalardakı qeyri-hem dəmir ilə birləşə bilər. Bu isə orqanizmin dəmiri mənimsəməsini azaldır. Araşdırmalar göstərir ki, yeməkdən təxminən bir saat sonra çay içmək bu mənfi təsiri 50% azalda bilər.

* Səhərortadan əvvəl və ya günün ikinci yarısının əvvəli: Bəzi insanlar günorta yaxın diqqət azalması və yorğunluq hiss edir. Yaşıl çayda kofein və L-teanin (amin turşusu) var ki, bu maddələr konsentrasiyanı və diqqəti artırır. Yaşıl çay həmçinin düşüncə, yaddaş və qərarvermə problemləri kimi koqnitiv pozulma riskini azalda bilər.

* Ara yeməklə birlikdə:  Yaşıl çay aşağı kalorili və antioksidantlarla zəngindir, buna görə də sevdiyiniz qəlyanaltılarla birləşdirilə bilər. Bundan əlavə, o, kofein tərkibi daha az olan qəhvə alternatividir. Məsələn, bir fincan qəhvədə təxminən 92 mq kofein varsa, yaşıl çayda cəmi 30 mq kofein olur.

Yaşıl çaydan nə vaxt çəkinmək lazımdır?

* Yatmazdan əvvəl: Kofein tərkibli içkilər yuxu keyfiyyətinə mənfi təsir göstərə bilər. Hərçənd yaşıl çay bir fincanda cəmi 30 mq kofein ehtiva edir, bəzi insanlar kofeinə həssasdır. Yatmazdan əvvəl kofeinsiz təbii çaylar, məsələn, kamomil, roibus və ya nanə seçmək daha məqsədəuyğundur.

* Bitki mənşəli qidalarla birlikdə: Yaşıl çay qeyri-hem dəmirin mənimsənilməsini azalda bilər. Dəmir zəngin qidalar (ispanaq, mərcimək, lobya, tofu və zənginləşdirilmiş dənli məhsullar) qəbul edərkən çay içməkdən çəkinmək tövsiyə olunur.

* Dəmir əlavələri qəbul edərkən: Yaşıl çay əlavələrdən və dərmanlardan dəmirin mənimsənilməsini əngəlləyə bilər. Ən yaxşı nəticə üçün çay bu zamanlarda içilməməlidir.

* Məşqdən əvvəl: Kofein məşq performansını artıran stimulyatordur. Araşdırmalara görə, bədən çəkisinin hər kiloqramına 6 mq kofein məşqdən 1 saat əvvəl qəbul edildikdə effektiv olur. Bir fincan yaşıl çay yalnız 30 mq kofein ehtiva edir, bu da tövsiyə olunan dozadan çox azdır, yəni performansı artırmaq üçün optimal üsul deyil.

Yaşıl çayın sağlamlığa təsiri

Yaşıl çay antioksidantlarla zəngindir və sərbəst radikalların yaratdığı hüceyrə zərərindən qoruyur. Əsas antioksidantlar katexinlərdir: EGCG (epiqallokatexin qalat), epikatexin, epikatexin qalat və epiqallokatexin.

Tədqiqatlar göstərir ki, bu maddələr ürək, maddələr mübadiləsi və beyin sağlamlığını dəstəkləyə, hüceyrələri oksidləşmə stresindən qoruya bilər. Lakin əksər araşdırmalar konsentrasiya olunmuş əlavələr üzərində aparılıb, birbaşa içkinin təsiri barədə məlumat məhduddur.

İçki vasitəsilə də antioksidant əldə edilir, amma miqdarı daha azdır və yalnız bir hissəsi qan dövranına daxil olur.

Yaşıl çayı düzgün dəmləmək üçün tövsiyələr

1. Doğru saxlama: Yaşıl çayı hava keçirməyən qabda, sərin, qaranlıq və quru yerdə saxlayın. Bu, antioksidantları, dad və ətri qoruyur.

2. Temperatur və dəmləmə vaxtı: Antioksidant miqdarı bir çox faktordan asılıdır: yarpağın keyfiyyəti, suyun temperaturu, dəmləmə vaxtı. Su temperaturu 80–85°C olmalı və yarpaqlar 5–10 dəqiqə dəmlənməlidir ki, faydalı maddələr maksimum alınsın.

Aydın

--> -->