Xəbər lenti

ABŞ-da 2028 seçkiləri: Trampın varisi kim ola bilər?
Dünya 12:34 05.02.2026

ABŞ-da 2028 seçkiləri: Trampın varisi kim ola bilər?

"Trampın adını açıqladığı varisləri arasında daha populyar olanı vitse-prezident Cey Di Vensdir".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə ABŞ prezidenti Donald Trampın mümkün varisləri barədə danışarkən deyib. 

Onun sözlərinə görə, Vensin növbəti prezident seçkilərində Respublikaçılar Partiyasının namizədi olması ehtimalı Marko Rubio ilə müqayisədə daha yüksəkdir: 



"Vensin tutduğu vəzifə və siyasi mövqeyi prezidentə daha yaxındır. Düşünürəm ki, Donald Tramp da sonda öz yerinə namizəd kimi məhz onu irəli çıxaracaq. Vens daha cavandır və Rubio ilə müqayisədə bir qədər daha məntiqli danışır".

Siyasi şərhçi Mehman Əliyev isə Trampın varisləri barədə indidən danışmağın tez olduğu qənaətindədir: 

"Bu barədə danışmaq hələ tezdir. Yalnız seçki kampaniyasının başlamasına yaxın nəsə demək olar. ABŞ-da seçki kampaniyası adətən prosesə bir il qalmış start götürür. Hazırda respublikaçıların vəziyyəti o qədər də yaxşı deyil. Demokratlar ara seçkilərdə ardıcıl olaraq bir neçə dəfə qələbə qazanıblar. Trampın reytinqi də xeyli aşağı düşüb. Növbəti dövrdə onun və komandasının reytinqi arta da bilər, daha da enə də. Hər şey daxili və xarici siyasətdə atılacaq addımlardan asılı olacaq. Ona görə də Trampın varisi barədə indidən qəti mülahizə yürütmək düzgün olmaz".
 


Trampdan sonra ABŞ diplomatiyasının ənənəvi siyasətinə qayıdıb-qayıtmayacağı məsələsinə gəlincə, Mehman Əliyev hesab edir ki, Trampın gedişi ilə yanaşma tərzi dəyişəcək: 

"Qlobal mənada ABŞ-ın siyasəti dəyişmir. Amma yanaşma tərzi dəyişəcək. Trampdan sonra gələnlər daha demokratik və mülayim mövqe sərgiləyəcək, insan haqlarına daha çox önəm verəcək".

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp vitse-prezident Cey Di Vens və dövlət katibi Marko Rubionu 2028-ci il prezident seçkilərində əsas varisləri hesab etdiyini açıqlayıb. Lakin o, "NBC News"a müsahibəsində bu iki şəxsdən hansına daha çox üstünlük verdiyini deməyib: 

"Bu məsələnin təfərrüatlarına varmaq, mübahisə yaratmaq istəmirəm. Hələ üç ilimiz var. Əla iş görən iki nəfərim var və mübahisə yaratmaq istəmirəm. Vens də, Marko da fantastikdir. Düşünürəm ki, hər ikisi çox ağıllıdır. Onlardan biri bir az daha diplomatikdir. Üslublarında müəyyən fərqlər var".

Rüfət Sultan
--> -->