Xəbər lenti

Zamanın xəstəliyi - Həkimlər ən çox kimlərin risk altında olduğunu açıqlayır
Sağlamlıq 10:17 08.02.2026

Zamanın xəstəliyi - Həkimlər ən çox kimlərin risk altında olduğunu açıqlayır

Dünyada Diqqət Defisiti və Hiperaktivlik Pozuntusu (DDHP) hallarının artdığı müşahidə olunur. Aparılan araşdırmalar göstərir ki, bu pozuntudan ən çox əziyyət çəkən qrup 25 yaşdan yuxarı qadınlardır.

Qaynarinfo-nun Sky News-a istinadən məlumatına görə, DDHP-nin yalnız uşaqlara xas olduğu ilə bağlı cəmiyyətdə formalaşmış fikir reallığı əks etdirmir. Avropada aparılan tədqiqatlar DDHP dərmanlarından istifadədə ən kəskin artımın məhz 25 yaşdan yuxarı qadınlar arasında qeydə alındığını ortaya qoyub. Avropa ölkələri arasında isə dərman istifadəsində ən yüksək artım Böyük Britaniyada müşahidə olunub.

Araşdırma nəticələrinə əsasən, son on il ərzində dünya üzrə DDHP dərmanlarından istifadə edənlərin sayı üç dəfə artıb. Belə ki, 2010-cu ildə bu göstərici 0,12 faiz olduğu halda, 2023-cü ildə 0,39 faizə yüksəlib. Oksford Universitetinin alimləri xüsusilə 25 yaşdan yuxarı şəxslər arasında DDHP diaqnozlarının artdığını bildiriblər.

Tədqiqatçılar Böyük Britaniya və İspaniyada 25 yaşdan yuxarı şəxslərin 70 faizindən çoxunun əvvəllər antidepresan preparatlardan istifadə etdiyini də müəyyən ediblər.

Eyni zamanda, 2023-cü ilin sentyabr ayından etibarən dünya miqyasında DDHP dərmanlarında çatışmazlıq yaşandığı qeyd olunur. Mütəxəssislər mövcud vəziyyət fonunda reseptlərin yazılması ilə bağlı yanaşmaların yenidən nəzərdən keçirilməsinin vacibliyini vurğulayırlar.
 
Günay
--> -->