Azərbaycanda polietilen torbaların qiymətində artım qeydə alınıb. Artıq kiçik ölçülü torbalar 5 qəpik, böyük torbalar isə 7 qəpikdən satışa çıxarılır. Əslində hökumətin bu sahəyə müdaxiləsi 2021-ci ildə qəbul edilən qərarla başlamışdı. Həmin qərara əsasən, mağazalarda 15–50 mikron qalınlığında olan torbaların pulsuz verilməsinə son qoyuldu və 2023-cü ilin fevralında ölkənin bütün iri ticarət şəbəkələrində pullu satış tam şəkildə tətbiq edildi. Məqsəd plastik tullantıların azaldılması, əhalinin isə tədricən ekoloji təmiz alternativlərə yönləndirilməsi idi. Lakin illər keçməsinə baxmayaraq, real nəticələrin gözlənildiyi qədər olmadığını müşahidə etmək mümkündür.
Dünyada plastik istehsalının həcmi illik 500 milyon tona yaxındır. Bu nəhəng sahənin mühüm hissəsini polietilen torbalar təşkil edir. Hər il dünya üzrə 4 trilyona yaxın paket istifadə edilir və hər dəqiqədə bir milyon plastik torba tullantıya çevrilir. Plastik məhsulların əksəriyyəti təkrar emal olunmur və uzun illər təbiətdə qalıb çürümədən ətraf mühiti çirkləndirir. Bu faktlar göstərir ki, polietilen torbalar təkcə Azərbaycanda deyil, bütün dünyada ciddi ekoloji problem yaradır. Amma ölkəmizdə tətbiq edilən ödəniş mexanizmi hələlik onların istifadəsini nəzərəçarpacaq dərəcədə azaltmayıb. Müşahidələr göstərir ki, ticarət şəbəkələrində torbaların ödənişli olması əvvəlki qədər çox götürülməsini azaltsa da, insanların tam şəkildə alternativlərə keçməsi baş verməyib.
Marketoloq Pərviz Əzimov deyir ki, uğursuzluğun əsas səbəbi prosesin birtərəfli tətbiq edilməsidir. Yəni, plastik torbaların pullu olması tətbiq olundu, amma insanları alternativ çantalara keçməyə təşviq edən paralel addımlar atılmadı. Onun sözlərinə görə, digər ölkələrdə ödəniş sistemi mütləq şəkildə uzunömürlü, parça və çoxistifadəli çantaların təbliği ilə müşayiət olunur: "Marketlər həmin çantaları ya endirimlə təklif edir, ya müəyyən alış-verişdən sonra hədiyyə edir, ekoloji təşkilatlarla birgə maarifləndirici aksiyalar keçirir. Azərbaycanda isə bu zəncirin yalnız bir halqası işlədildi. Nəticədə insanlar torbalara pul vermək məcburiyyətində qaldı, lakin alternativə keçid üçün motivasiya yaranmadı və gözlənilən dəyişiklik baş vermədi”.
Ekspert vurğulayır ki, plastik torbalardan istifadəni azaltmağın qarşısında duran əsas çətinliklərdən biri də məişət tullantılarının atılması üçün alternativlərin olmamasıdır: "Bir çox Avropa ölkəsində zibilin daşınması üçün bioloji parçalanan, çürüyən xüsusi torbalardan istifadə edilir. Azərbaycanda bu cür məhsulların geniş dövriyyədə və əlçatan olmaması səbəbindən insanlar marketdən aldıqları plastik torbaları həm də zibil torbası kimi istifadə etməkdə davam edirlər. Beləliklə, torbaların ödənişli olması onların əvəzedici funksiyası olduğu üçün istifadənin kəskin azalmasına gətirib çıxarmır”.
Marketoloq onu da qeyd edir ki, Qərb ölkələrində şirkətlər ekoloji davamlılığı korporativ imiclərinin əsas prinsipi kimi qəbul edirlər. Orada biznes qurumları hər ay karbon emissiyalarını ölçür, tullantıların azaldılması üçün planlar hazırlayır və ictimaiyyətə hesabat təqdim edirlər: "Azərbaycanda isə bu yanaşma hələ geniş yayılmayıb. Bir çox şirkət ekoloji məsuliyyəti marketinq imkanı kimi görmür və plastik torbaların məhdudlaşdırılması prosesində daha fəal iştirak etmir. Bu isə təbii olaraq gözlənilən nəticələrin gecikməsinə səbəb olur”.
"Səma və EKO” Sosial-İqtisadi İnkişafa Yardım İctimai Birliyinin sədri, ekoloq İradə Həsənova deyir ki, plastik torbalardan istifadənin azalmaması insanların ekoloji düşüncə tərzinin hələ də dəyişməməsindən qaynaqlanır. Onun sözlərinə görə, ekoloji təfəkkürü formalaşdırmaq üçün əvvəlcə insanların şüurunda dönüş olmalıdır: "İnsanlar çox zaman rahatlığa üstünlük verirlər, özləri ilə əlavə torba götürməyə həvəs göstərmirlər, halbuki istifadəyə tam yararlı eko torbalar mövcuddur və hər kəs çantasında belə torba saxlayarsa, problem yaşanmaz”.
Ekoloq vurğulayır ki, mağazalarda da geniş maarifləndirmə aparmaq mümkündür, lakin onlar üçün belə təşəbbüslər maraqlı deyil: "Məsələn, "yaşıl eko günlər” keçirmək olar. Amma biznes strukturları bu işdə maraqlı olmurlar. Nəticədə isə həm ekologiya zərər görür, həm də plastik tullantıların təbiətdə parçalanması yüz illərlə davam edir”.
İ.Həsənova qeyd edir ki, torbaların qiymətinin artırılması vəziyyəti dəyişməyəcək: "Pullu sistem yeni tətbiq olunanda böyük gözləntilər vardı. Hər kəs bunun ciddi dəyişiklik yaradacağını düşünürdü, amma nəticə dəyişmədi. Ekoloji şüur dəyişmədikcə vəziyyət olduğu kimi qalacaq”.
Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirir ki, ətraf mühiti sürətlə çirkləndirən polietilen torbalar həm dünyanın, həm də ölkənin ciddi problemlərindən biridir: "Biz mütəmadi olaraq çalışmışıq ki, bu torbaların satışı pullu olsun. Çünki bu, MDB məkanında və digər ölkələrdə sınaqdan keçirilmiş bir təcrübədir. Təəssüflər olsun ki, hökumət bu barədə qərarlar qəbul etsə də, biznes qurumları bundan sui-istifadə etdilər. Biz tərəfdarıyıq ki, torbalar son dərəcə nazik, rəngsiz və reklam materialı olmadan istifadə edilsin. Reklam materiallarındakı rənglərdə ağır metallardan istifadə olunur və bu da evlərə daşınır. Üstəlik, son günlər torbaların həm qiyməti artıb, həm də keyfiyyəti aşağı düşüb, alıcılar da bundan narazıdır”.
E.Hüseynovun fikrincə, əhali polietilen torbalardan birdəfəlik imtina etməlidir və onların yerinə ev və bazar torbalarından istifadə olunmalıdır: "Ən yaxşı alternativ cənub zənbilləridir, çünki onlar həm ekoloji təmizdir, həm də dəfələrlə istifadə oluna bilər”.
Mənbə: "Kaspi" qəzeti
Şərhlər