Milli Məclisin bu gün keçirilən plenar iclasında "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi III oxunuşda müzakirəyə çıxarılaraq qəbul olunub. 2025-ci ildə dövlət büdcəsinin gəlirlərinin 38 milyard 356 milyon manat (2024-cü ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,4 % çox), xərclərinin isə 41 milyard 407,6 milyon manat (4,2 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9% azdır.
2025-ci ilin dövlət büdcəsində referendum üçün maliyyə vəsaiti nəzərdə tutulubmu?
REAL sədri, iqtisadçı Natiq Cəfərli Qaynarinfo-ya açıqlamasında bildirib ki, bunu əvvəldən proqnozlaşdırmaq çətindir:
"Dövlət büdcəsində Mərkəzi Seçki Komissiyası üçün vəsait ayrılıb. Onlar əmək haqqı alır, həmçinin ofis xərcləri və s. var. Amma əvvəlki illərlə müqayisədə bu vəsaitin həcmində ciddi artım yoxdur. Elə yazıblar ki, məlum olmur, məsələn, bələdiyyə seçkiləri ilə bağlı xərc var. Bələdiyyə seçkiləri ilə bağlı xərclərin nə qədər olduğunu açıqlamayıblar, standart vəsait ayrılıb".
Natiq Cəfərli bildirib ki, 2024-cü ildə nə qədər vəsait ayrılmışdısa, 2025-ci il üçün ona bənzər vəsait ayrılıb:
"Təxminən 50 milyona yaxın vəsait nəzərdə tutulub. Bu il iki seçki keçirdik, həm prezident, həm də parlament seçkiləri baş tutdu. Amma bundan əlavə, 2025-ci il üçün referendum ilə bağlı da söhbətlər var. Maliyyə nazirliyinin büdcəni artırmaq səlahiyyəti var. Əgər referendumla bağlı qərar olsa nazirlik öz ehtiyyat fondundan vəsait ayıracaq".
Bahar Rüstəmli
Şərhlər