"Rusiya səmasında bu ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən mülki təyyarəmizin vurulması nəticəsində ikitərəfli münasibətlərdə Moskvanın təqsiri üzündən müəyyən soyuqlaşma elementləri özünü göstərir".
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov Azərbaycanın Moskvadakı səfirinin Rusiya XİN-ə, eyni zamanda, Rusiyanın Bakıdakı səfirinin Azərbaycan XİN-ə çağırılması fonunda iki dövlət arasında münasibətlərdə yaşanan müəyyən soyuqluğu şərh edərkən deyib.
Deputat deyib ki, Bakı hər zaman şimal qonşumuzla münasibətlərin normal müstəvidə olmasında maraqlı olub və üzərinə götürdüyü öhdəliklərə də həmişə əməl edib:
"2022-ci ilin fevralında imzalanan müvafiq sənədlə Azərbaycanla Rusiya arasında münasibətlər strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Azərbaycan hər zaman münasibətlərin mehriban qonşuluq, müttəfiqlik, tərəfdaşlıq səviyyəsində olmasında maraqlı olub. İmzaladığımız sənədə hörmətlə yanaşırıq. Amma hər şey qarşılıqlı olmalıdır. Yəni bu, bir tərəfin arzusu ilə baş verən məsələ deyil. Bakı hər zaman şimal qonşumzla münasibətlərin normal müstəvidə olmasında maraqlı olub və üzərinə götürdüyü öhdəliklərə də həmişə əməl edib”.
Ekspert qeyd edir ki, hazırda məhz Rusiyanın təqsiri üzündən iki ölkə arasında müəyyən soyuqlaşma elementləri müşahidə olunur:
"Son zamanlar Kremlin günahı üzündən münasibətlərdə müəyyən soyuqlaşma elementləri özünü göstərir. Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə bağlı prinsipial və qətiyyətli mövqe ortaya qoydu. Rusiya üzrxahlıq etməli, hadisədə günahı olanları cəzalandırmalı və kompensasiya ödənilməlidir. Onlardan biri edildi. Rusiya prezidenti üzrhaqlıq etdi. Ancaq o da yalnız Rusiyanın hava məkanında baş verdiyinə görə üzrxaqlıq kimi təqdim olundu. Cinayətkarların cəzalandırılması və kompensasiya məsələsində isə irəliləyiş yoxdur. Onu da qara qutularla bağlayırlar ki, yalnız onun açılmasından sonra məsələyə baxacaqlar. Paralel şəkildə Rusiyanın dövlət media qurumlarında anti-Azərbaycan təbliğatı aparılır. Gecə-gündüz ölkəmizə qarşı hədyanlar, yalanlar, iftiralar səsləndirirlər. Nyutonun 3-cü qanununda olduğu kimi təsir əks təsirə bərabərdir”.
Deputat bildirir ki, Azərbaycan mövcud vəziyyətdə adekvat addımlar atmalı olub:
"Belə olan halda təbii ki, Azərbaycan da müstəqil dövlət olaraq öz milli maraqlarını müdafiə edir. Bununla bağlı qarşı tərəfə də etirazımız var. Rusiya ərazisində miqrantların, o cümlədən azərbaycanlı miqrantların qalma müddəti 180 gündən 90 günə endirildi. Azərbaycan da adekvat addımlar atdı. Ona görə də ölkəmiz məsuliyyət daşımır. Məsuliyyət qarşı tərəfin üzərinə düşür”.
E.Nəsirovun fikrincə, Rusiya fərqində olmalıdır ki, Azərbaycan hər zaman şimal qonşusu ilə münasibətlərin strateji tərəfdaşlıq, müttəfiqlik səviyyəsində olmasında maraqlı olub və bu siyasətə sadiqdir:
"Avropa İttifaqı Rusiyaya qarşı artıq 16-cı sanksiyalar paketini işə salmağa çalışır. ABŞ tərəfindən də Rusiyaya çoxsaylı təzyiq və sanksiyalar tətbiq edilib. Azərbaycan isə heç bir zaman Rusiya əleyhinə olan belə kampaniyalara qoşulmayıb. Amma təəssüf ki, Rusiyada hələ də anti-Azərbaycan təbliğatı aparılır. İstərdik ki, nəhayət bu anlaşılmazlığa son qoyulsun və rəsmi Moskva Azərbaycanın hər zaman onunla münasibətlərinin normal səviyyədə olmasını istədiyinin, tələbimizin haqlı olduğu və onu yerinə yetirməli olduqlarının fərqində olsun”.
Qeyd edək ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli, ölkəmizi hədəf alan yazıların dərc olunması, reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.
"Azərbaycan Hava Yollarına” məxsus təyyarənin faciəvi şəkildə qəzaya uğraması ilə bağlı ilkin təhqiqatın nəticələrinin məlum olduğu, istintaqın yekunlaşdırılması üçün iş aparıldığı, qəza ilə bağlı Rusiya tərəfindən gözləntilərimizin açıq şəkildə bəyan edildiyi xatırlanıb. Yerli mətbu orqanında "Rus evi” ilə bağlı məlumata gəldikdə, bunun rəsmi mövqe olmadığı, bu kimi təşkilatların ölkəmizin ərazisində fəaliyyətinin qarşılılıq prinsipinə əsaslandığı və qanunvericiliyin tələblərinə uyğun aparılmasının vacib olduğu bildirilib.
Xatırladaq ki, ondan əvvəl isə Azərbaycanın Moskvadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılmışdı. Ona Azərbaycan mətbuatında Rusiyaya münasibətdə gedən yazılardan narazılıq ifadə olunmuşdu.
Rüfət Sultan
Şərhlər