"Azərbaycan qanunvericiliyində yalnız azyaşlı ilə nikaha girmək qadağası var. Yetkinlik yaşında olan kəs kiminlə istəsə evlənə bilər, belə bir qadağa yoxdur".
Bunu Qaynarinfo-ya "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova sosioloq Fatimə Hacıbəylinin "erkən nikahla ailə qurub ayrılan və daha sonra müxtəlif yollarla varlanan xanımlar özlərindən 15-20 yaş cavan oğlanlarla ya ailə qurur, ya da münasibətdə olurlar" fikirini şərh edərkən deyib.
Sədr hesab edir ki, yetkin yaşında insanın ailə qurması onun şəxsi işidir:
"Ona heç kəs qadağa qoya bilməz. Qanunda belə bir şey yoxdur. Konkret yaş qoymur ki, sən necə yaşlı kişiyə gedə bilərsən, yaxud da qadınla evlənə bilərsən. Qanun yalnız azyaşlı ilə evlənməyə qadağa qoyur. Hətta 100 yaşında kişi istədiyi qadın evlənə bilər. İnsanlar qanuna əsaslanmalıdır. Azərbaycan qanunvericiliyində yalnız azyaşlı ilə nikaha girmək cinayət məsuliyyəti daşıyır".
Mehriban Zeynalova qeyd edib ki, qanunvericilikdə sən öz yaşıdınla evlənməlisən deyə bir şey yoxdur:
"Ailə qurmaq hər kəsin şəxi işi və həyatıdır. Tərəflər razıdır və bir-birini qəbul edir, belə olan vəizyyətdə onların həyatını müzakirə etməyin yeri yoxdur. Yetkin yaşda olan insanların müstəqil qərar qəbul etməsi onların seçimidir. Kimsə onları nəyəsə məcbur edə bilməz. Məcburiyyət, zorakılıq yolu, yaxud da aldatma, etibardan su istifadə olsa bunu müzakirə etmək olar. Zorakılıq yoxdursa, az yaşlı da deyilsə evlənmək hər kəsin qərarıdır. Bizim işimiz onların seçiminə hörmət etməkdir".
Sədr Azərbaycanda varlı qadınların sayının az olduğunu xatırladıb:
"Bu ölkədə nə qədər varlı qadın var? Hamı ortadan aşağı səviyyədədir. Kimsə özünə baxırsa, bu o demək deyil ki, varlıdır? Ümumiyyətlə, qadınların özündən 15-20 yaş aşağı kişi ilə ailə qurması ilə bağlı fakt, statistika varmı? Əgər kimsə belə bir fikir səsləndirirsə statistikaya əsaslanmalıdır".
Qeyd edək ki, ekspert Fatimə Hacıbəyli yenidən səs-küylü açıqlaması ilə diqqət çəkib. Ekspert varlı və yaşlı qadınları cavan oğlanlara meyl etməkdə günahlandırıb. O, erkən nikahla ailə qurub ayrılan və daha sonra müxtəlif yollarla varlanan xanımların özlərindən 15-20 yaş cavan oğlanlarla münasibətdə olduğunu, evləndiyini deyib.
Bahar Rüstəmli
Şərhlər