Xəbər lenti

YAŞAT fondunu yaşadaqmı?
Aysel Əlizadə
Ölkə 11:03 25.05.2021

YAŞAT fondunu yaşadaqmı?

Savaş dönəmi ən çox nədən qorxurdum, bilirsizmi? Qalib gəldik, əla. Bəs minlərlə yaralı, ailə... onların taleyi necə olacaq?

YAŞAT fondu yarananda bir az ürkək yanaşırdıq. Düşünürdük ki, sıfırdan qurulan bir qurum nə vaxta formalaşacaq? Bunun işçi heyətinin təkmilləşməsi var, saytın qurulması, prosesin nizama düşməsi, qeydiyyat mərhələsi, o sayda qazinin, şəhid ailəsinin problemi ilə bir-bir maraqlanmaq, araşdırmaq, klinikalarla müalicə üçün danışmaq, kredit borclarına görə tək-tək banklarla əlaqə yaratmaq, icralarla iş aparmaq, hələ əlillik sənədi almalı olanlar, qazi olduğunu sübut etməli olanlar... siyahılaşma var...bitməz-tükənməz prosesdi.

Çox çətin prosesə bənzəyirdi.

Bir neçə aya YAŞAT situasiyanı elə toparladı ki, heyrətə gəlməmək mümkün deyil.

Əvvəla YAŞAT qazilərdən əlillik sənədi gözləmədən işə başladı. Onları incitməməyə çalışdılar.

İkincisi, bu gənc komanda elə həvəslə çalışır ki, adamın ürəyi dincəlir. Fondda çalışanların çoxu qazi və şəhid ailəsindən olanlardı. Onlar üçün mövzu daha doğmadı deyə, ürək qoyurlar. YAŞAT-ın işi onu göstərir ki, gənclərimizə, insanımıza şərait yaradan, meydan verən kimi o mümkünsüzü mümkün edə bilir. İstedadlıdı, bacarıqlıdı Azərbaycan insanı.

Cəmi beş aya 2881 şəhid ailəsini ziyarət etdilər, 3042 müraciət qeydə alındı, 6441 şəxs öhdəliyə götürüldü.

Türkiyəyə əməliyyata göndərilən qazilər, aldığı zədədən əli, ayağı işləməyənlərin hərəkət bərpası, İsraildən tamamilə təmənnasız gələn doktor heyətinin yüz əlli qaziyə tibbi yardım göstərməsi. Fond yalnız səfər xərcini ödədi. Bu işi təşkil etmək asan məsələ deyil. Əməliyyatların hər birinə vəsait ayırmalı olsaydıq, qat-qat artıq pul xərclənəcəkdi. 

Bir anlıq düşünəndə ki, YAŞAT yaranmasaydı necə olacaqdı, adamı vahimə basır. Hərə bir hesab açıb pərakəndə yardım yığacaqdı. Qazilər, şəhid ailələri o məsuliyyətsiz qurumların önündə qalacaqdı. Bu dəhşətli mənzərələr çəkilib yayılacaqdı. Biz də baxıb əsəbdən öləcəkdik.

Diqqətdən kənar qalan qazilər və şəhid ailələri də var. 

Necə kömək edə bilərik?

YAŞAT fondunun saytına girin. Yashat.gov.az "hesabatlar” düyməsinə basıb "adlı siyahı” bölümünü açın. Qazinin ad və soyadını yazın. Qeydiyyata düşübsə, siyahıda görünəcək. Sistemdə bütün məlumatlar - ayrılan vəsait, xərclənmə ünvanı, ödəniş çeki çıxacaq. Adı yazdıqda siyahıda çıxmırsa, deməli, hələ qeydiyyata alınmayıb. O zaman saytın çatı ilə fonda məlumat verin və ya qaynar xətti yığın-8110.

Belə bir fond artıq 39 ildir Türkiyədə var. Mehmetçik Vakfı adlanır. 

İnsan unutqandı. YAŞAT həm də bizə qazi və şəhidləri unutmamağı öyrədir. Hər ay kimsə maaşından bir faiz belə fonda pul köçürürsə bu, qəhrəmanları yaşadırıq deməkdi. Təkcə həyatda yox, ürəyimizdə... Özümüzə onları unutmağı qadağan edirik.

Diaspora Komitəsi ilə YAŞAT-ın birgə layihəsi olan YAŞAT marafonu başlayır. Marafon 25 maydan start götürəcək. Ölkəmizdən kənarda yaşayan azərbaycanlılar YAŞAT-a ianə edəcəklər. Diaspora.foundation

İllərlə Diaspora Komitəsi bir xarabazara dönmüşdü. Üç ildi yeni komanda işə başlayıb və tarakan yuvalarını dağıdıb yerində sağlam şəbəkə qurmağa çalışır. Məncə, marafon ən uğurlu ideyalardan biridi. Bu layihə ilə YAŞAT dünya azərbaycanlılarının vahid platformasına çevrilə bilər.

İlk büdcəsi daha çox dövlət qurumları, şirkətlər tərəfindən formalaşsa da, xalq da YAŞAT-ı tək qoymadı. Məsuliyyət hiss edirik, vətən üçün can qoyanların problemləri qarşısından yaxamızı kənara çəkmirik.

YAŞAT bizi bir araya gətirən dəyərdi. Bu layihə həm də lobbi hərəkatıdı. Bizi ortaq maraq, məqsəd adına birləşdirən yeni konseptdi. Azərbaycanlıların ciddi şəbəkəsini qururuq. Ordusunun yanında olan bir millət kimi YAŞAT ətrafında pərvanə təki varıq. Ölkəmizin şərəfini qoruyanların çiyninə çiyin söykəmək borcumuzdu. Hamılıqla Azərbaycanı başımızın üstündə gözəl günlərə doğru aparacağıq. 

Aysel Aydın Əlizadə
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->