Xəbər lenti

Seçkiyə gedək?
Aysel Əlizadə
Siyasət 11:22 11.12.2019

Seçkiyə gedək?

Aysel Əlizadə

Seçkilərin obyektiv keçirilməsi, həqiqi parlamentin formalaşması xalqın yox, hakimiyyətin son şansıdır.

Hakimiyyətin ölkədəki durumu prezidentlə çəkdirilən selfilərlə ölçdüyünü düşünmək ağılsızlıq olar. 

Vəziyyət o yerə çatıb ki, bir balaca hökuməti dəstəkləyən, onun lehinə hətta haqlı fikir səsləndirən hər kəs ciddi tənqidlə qarşılaşır. Bunu biz görürüksə, hökumət də görür.

Bu dəfə də xalq arasında, beynəlxalq miqyasda ümidləri və imici darmadağın etmək böyük yanlış olar.

Davamlı olaraq dövlətin dəstəyi ilə yüksələnlər faydasız adamlardı.

Özü sevgi və sayğı qazana bilməyən adamdan dövlətə fayda verən olmaz. Dövlət baba bunu bilməlidi. Necə ki, olmadı və parlament qaçaraq buraxıldı.

Kimisə zorla deputat etmək olar e, ancaq nə üçün?

Dövlət onu gerçəkdən qorumaq istəyənlərin və bunu bacara bilənlərin əlində olmalıdı. İstək varsa, içindəki coşğu və peşəkarlıqla başqalarını da işə cəlb edə bilirsən.

Qriqori Petrovun yazdığı "Bəyaz zanbaqlar ölkəsində" Atatürkün sevdiyi kitab olub. Hər kəsin oxumasını istəyib. Orda bir ovuc insanın yığışıb Finlandiyanı necə qurduğu haqda yazılıb. Kitabdan sitat: "Rəsmilər laqeyddirlər, nazirlər siyasi akrobat, deputatlar öz maraqlarını güdən. Məktəblər yeni nəslin beynini və ürəyini qurudan mağaralara çevrilib. Mətbuat sanki dodaq boyası və makiyajla özünü satışa çıxarıb. Digər tərəfdə isə ac insanlar izdihamı özünə yad olan hər şeyə, xüsusən yuxarı təbəqələrə nifrət, həsəd və xəyanət hissləri ilə bəslənir..."

Həmin o Finlandiyada bu gün hökumət koalisiyasını quran beş partiyanın beşinin də rəhbəri qadındı. Baş nazir 34 yaşlı Sanna Marin oldu. Finlandiya 2019-da dünyanın ən xoşbəxt ölkəsi seçilib...

Bənzər əsəri Əhməd Ağaoğlu "Sərbəst insanlar ölkəsi" adı ilə yazıb. Konstitusiya kimi kitabdı. Kitabdan sitat: "Burada hər kəs hər kəsin haqq, şərəf, ləyaqət borcunu üstünə götürüb. "Mənə nə?", "Özünü görməzliyə vur", "Bu sürüyə intizam dərsi vermək sənəmi qalıb?" kimi ötkəm qaydaların bu ölkədə kökü kəsilib".

Bu cür kitabı olan xalqın da dünyanın ən xoşbəxt ölkəsində yaşamaq şansı var...

Seçkiyə gedək - inadla, dirənişlə. Özümüzün, uşaqlarımızın gələcəyi üçün. Ekrem İmamoğlu hadisəsini xatırlayaq. Qələbəsi əlindən alındı. Amma Türkiyə geri çəkilmədi. Təkrar seçkiyə getdi, bu dəfə daha böyük inadla, daha ciddi dirənişlə. Daha ciddi qələbə qazandı. Azərbaycan "hakimiyyət" demək deyil. Azərbaycan bizik.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->