"31 Mart Azərbaycanlıların Soyqırımı Günü” saytlarda yayılan "çılpaq qızlar" və "kazbek” videosunun yaratdığı suallar... Kimə və nəyə lazım idi bu videoları belə tirajlamaq? Nəyə nail olmaq olar bu və buna bənzər hadisələri trend etməklə? Arxasında hansı mətləblər var?
Bütün "qara qüvvələr”in qarşısında duracağını, cəmiyyəti və dövləti "yad ünsür”lərdən qoruyacağını, dövlət maraqlarına daha yaxşı xidmət edəcəyini deyib mətbuatı əlində cəmləşdirənlər oldu. O vaxtdan bu yana dəyərlər TV-lərdən bir az da uzaqlaşdı, xəbər və maarif mətbuatı şoulaşdı, həqiqi xəbər total senzuraya dəyib parça-parça oldu. Qısası, elə o gündən "nəzarət olunan” xaotik KİV erası başladı. Bu heç kvazidemokratiya (yalançı demokratiya) da olmadı. Olsa-olsa KİV-də avtokratiya küləyi əsdirərək insanların yerli mətbuata inamını itirdi. TV-lərimiz gülüş və qəzəb hədəfinə çevrildi. Hətta yalançı demokratiya bundan daha yaxşı sonuclara səbəb ola bilərdi.
Keçək sonuncu faktlara – məzmunsuz "çılpaq video”nun ölkəmizin ən böyük məsələsi kimi xüsusi səylə tirajlanması səbəblərini axtarmağa çalışaq.
ABŞ filosofu Noam Homskinin fikrincə, insanları manipulyasiya etmənin bir neçə yolu var. Ən önəmli metod "kütləni" əsas mövzulardan yayındırıb önəmsiz və ya az önəmli mövzulara kökləməkdi. Məqsəd insanları çox ciddi sahələrdən - çağdaş fəlsəfi cərəyanlardan, elmi yeniliklərdən, iqtisadiyyat, psixologiya, neyrobiologiya,kibernetika... kimi ciddi sahələrdən uzaq tutmaqdı. İctimai marağı idman, şou-biznes, mistika, irreal konspirologiya (sayıqlama), məişət süjetləri, tez və asan qazanılan bahalı həyat, sərt pornoqrafiyadan tutmuş insanın relikt (yabanı) instinktinə hesablanmış erotika motivlərinəcən çəkməkdi. Davamlı olaraq kütlənin diqqəti real önəmi olmayan hadisə və mövzulara cəmləndirlir, beləcə həqiqi məsələlərdən uzaq tutulur.
N. Homskiyə görə daha bir metod – süni hadisə və problem yaradaraq insanları onun həllinə cəlb etməkdi. Hər hansısa qanlı hadisə, zorakılıq, əxlaq normalarına zidd sayılan hallar və s. yayılır. İnsanlar onun həlli yollarını təklif və hətta tələb edirlər. Hadisə günlərlə müzakirə edilir, pislənir, hər kəsi məşğul edir.
Manipulyator tərəf belə hadisələri ya yaradır, ya da olmuş hadisənin dövriyyəyə girməsinə, şişirdilməsinə əl qoyur. Nəticədə insanlar çıxış yolu axtararaq sərt qanunlar və cəzalar tətbiq edilməsini tələb edirlər. Bununla da cəmiyyət özü də bilmədən öz azadlığının məhdudlaşdırılmasına xoşluqla imza atmış olur.
Bir daha gələk "çılpaq video"ya. Əvvəlcə "kazbek” mahnısının, ardınca bu videonun tirajlanması bir neçə istiqamətlə gizli manipulyasiyaçılara əl verir:
1. Cəmiyyəti məşğul edərək əsas mövzudan, məsələn, qonşu ölkələrdəki seçki proseslərinin müzakirəsindən, sosial problemlərdən, siyasi deqradasiyadan, Diqlas Ticarət Mərkəzinində baş vermiş yanğından... yayındırmaq.
2. Soyqırım, "Aprel döyüşləri” kimi milli məsələlərdən uzaq tutmaq.
3. Ölkəni əxlaqsız cəmiyyət kimi təqdim edib, din dövlətinin vacibliyini göstərmək.
4. Azadlığı məhdudlaşdırmaq üçün ictimai rəydən dəstək almaq.
Bu bəndlərin hamısı eyni zamanda olmaya da bilər. Ancaq belə hadisələrin gündəmi zəbt etməsi bunlardan birinə xidmət edir. Hadisə planlaşdırılmamış olsa belə yayılması və tirajlanması planlıdı. Hər hadisəyə kütləvi formada əxlaqi prizmadan yanaşılması, nəticədə internet məhdudiyyətinə də xidmət edə bilər.
Sonradan istifadə edilə bilər.
Mühafizəkar idarəçilik, din rejimi yaratmaq istəyən güclər "əxlaq pozulur, qaydalar və olmazlar tətbiq edilməlidi" kimi fikir formalaşmasına zəmin yaradır.
Cəmiyyət pozulur, cəzaları sərtləşdirmək, mühafizəni artırmaq gərəkdi fikri formalaşır. Başqa tərəfədən, hökumətdaxili tərəflərdən biri cəmiyyətə nəzarət müxanizmini əlində saxlamaq üçün belə hadisələrdən istifadə edə bilər.
Ona görə də cəmiyyətin çox ehtiyatlı və ayıq olması gərəkdi.
Cəmiyyətin özünün olaylara hakim kəsilməsi üçün hər bir hadisəyə üç rakursdan baxmağı təklif edirəm:
1. Dövlətçi kimi; Əgər baş verən hadisə dövlət üçün təhlükə yaratmırsa, onu şişirtməyə və üzərində düşünməyə dəyməz;
2. Vətəndaş kimi; Baş verən hadisə ölkə insanı üçün təhlükə yaratmırsa, onu da uzatmağa əsas yoxdu. Konkret Azərbaycan insanı, dolayısı ilə cəmiyyət üçün təhlükə yoxdursa, onun da üzərində dayanmaq vaxt itkisidi;
3. Bəşəri ədalət; Ədalət prinsipini müəyyən etmək çətindi. Birinci şərt, məsələyə sırf insanlıq açısından baxmaqdı. İnsan kimi yaranan situasiyanı anlayırıqmı, insanlıq halıdırmı, insanlıq haqqıdırmı, bizim müdaxiləmiz doğrudurmu - bunu nəzərə almaq önəmlidi. Digər tərəfdən, ədalət prinsipini müəyyənləşdirmənin asan düsturu var – təcrübəyə müraciət etmək. Yaxud da presedent (örnək) kimi hansısa situasiya və hadisə ilə analoji tutuşdurma aparmaq. Uğurla nəticələnən və inkişafı göstərən metodları öyrənib paralellər apararaq qiymətləndirmək və tətbiq etmək;
Sonda: Manipulyasiyaçı moderatorların (avtokratların) ən çox istifadə etdikləri metod cəmiyyəti düşünməyə qoymamaqdı. Bunun üçün emosiya yaradan hadisələr təbliğ edilir. Emosionalllıq - məntiqin düşmənidi. Emosionallıq insana aydın düşünüb nəticə çıxarmağa, situasiyanı təhlil etməyə imkan vermir. Təhsilsiz cəmiyyət instinktləri ilə yaşayan canlılar icmasıdı. Bütün manipulyatorların məqsədi cəmiyyəti canlılar icmasına çevirməkdi. Əks halda onları idarə etmək, öz mənfəətlərinə doğru çevirmək mümkün deyil. Gəldiyimiz sonuc konkretləşdi:
Təhsilsizlik moderatorlara şans yaradır. Ancaq tarixi təcrübədən keçən bir fakt var.
Təhsilsiz toplumu bir müddət manipulyasiya etmək mümkündü, bu, ötəri qələbədi.
Və mütləq manipulyatorların özləri və çevrələri üçün ağır nəticələrə səbəb olur.
Saysız misal çəkmək olar bununla bağlı. Aydın və özgür insanların sevgisini qazanmaq isə əbədi qələbədi.
Sayğılarla,
Aysel Əlizadə - yazıçı – publisist
04.04.2019. Bakı, Azərbaycan.
Şərhlər