Xəbər lenti

Xuraman Şuşalı:
Maqazin 19:14 29.05.2024

Xuraman Şuşalı: "İşlə təmin olunsam, ata-baba yurduma köçərəm"

Artıq Şuşadan olan məcburi köçkünlərin doğma şəhərə qayıdışı başlanıb.

Şuşa şəhərinə köçən ailələr çoxmərtəbəli binalarda mənzillə təmin olunublar. İşğaldan azad olunmuş torpaqlara qayıdanlar arasında bir sıra məşhurlar da var.

Doğma yurda qayıtmaq istəyənlərdən biri müğənni Xuraman Şuşalıdır.

Qaynarinfo xəbər verir ki, Yenisabah.az-a danışan sənətçi ata-baba yurduna köçmək arzusu olduğunu və bununla bağlı rəsmi şəkildə dövlət qurumuna müraciət etdiyini açıqlayıb:

"Mən bununla bağlı Şuşa Şəhər İcra Hakimiyyətinə müraciət etmişəm. Sadəcə, 18 yaşım olanda Şuşa qeydiyyatından çıxıb Bakı qeydiyyatına düşmüşəm deyə məsələ bir qədər uzanır. Bizim ailədən qardaşım Şuşaya köçəcək. Bilirsiniz ki, Azərbaycanda belə bir ənənə var, ata mülkü oğula qalır. Bu səbəbdən, Allahın izni ilə qardaşım Şuşaya köçəcək. Bizim Şuşada iki evimiz olub. Qardaşım köçdükdən sonra biz təkrar müraciət edəcəyik. Hələ ki qardaşımın köçməyini gözləyirik, artıq onu qeydiyyata alıblar".

İfaçı qeyd edib ki, işlə təmin olunarsa, köçüb Şuşada yaşamağa hazırdır:
"Mən, əlbəttə ki, köçmək niyyətindəyəm. Nə vaxt ki, insanlar köçəcəklər, mən də köçəcəyəm. Hazırda köçənlər işlə də təmin olunublar. Getdiyin yerdə işləməlisən. Mən də işləmək istəyirəm, çünki toydan-toya gedib-gəlmək düzgün deyil. Vətənimdə daimi çalışmaq istəyirəm. Şuşada oxuduğum Niyazi adına musiqi məktəbində çalışmaq istəyərəm. Harada olarsa, harada deyərlərsə, orada da işləməyə canla-başla hazıram. Həyat yoldaşım da mənimlə birgə köçməyə hazırdır. Onun da istəyi var. Mən harada xoşbəxtəmsə, o da mənimlə birgə orada olmaq istəyir. Əgər mən gedərəmsə, ailəm də mənimlə birgə olacaq.

Allah hər kəsə öz vətənində yaşamağı nəsib etsin, mən də öz vətənimdə çox xoşbəxtəm. İnsan doğulduğu torpaqda xoşbəxt olur. Alimlərdən biri deyib ki, harada doğulmusansa, orada yaşasan, həm uzunömürlü olarsan, həm də xoşbəxt.

Mən də üç dəfə Şuşaya getmişəm, hər dəfə də anlada bilməyəcəyim qədər xoşbəxt olmuşam. Bu hissi sözlərlə ifadə etmək olmur. Allah şəhidlərimizə rəhmət etsin! Kədər, nostalji öz yerində, amma insan doğma torpağında tam başqa cür xoşbəxt olur. Allah mənə nəsib etsin, elə orada da yaşayım".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->