Azərbaycan Vəkillər Kollegiyasının üzvü, tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qaldığını bildirib.
Qaynarinfo xəbər verir ki, vəkil hadisənin Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsində qeydə alındığını deyib.
"Müvəkkilimlə polisin çağırışı üzrə şöbəyə getdim. Şöbə rəisinin göstərişi ilə zorakılığa məruz qaldım. Rəis "vəkil kimdir, səni çağırmamışam, tutun atın bayıra” dedi. Bundan sonra iki polis nəfəri məni zorla tutub şöbədən çıxartdı. Aidiyyəti qurumlara şifahi şikayətlər etmişəm, yazılı şikayətləri də hazırlayıram", deyə o qeyd edib.
Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov tanınmış vəkil Bəxtiyar Hacıyev polis şöbəsində zorakılığa məruz qalması ilə bağlı açıqlamasına münasibət bildirib.
Sədr Qaynarinfo-ya açıqlamasında bildirib ki, məsələdən xəbərdardır və bu barədə vəkil Bəxtiyar Hacıyevlə də əlaqə saxlayıb:
"Əvvəlcə vəkil Bəxtiyar Hacıyevlə əlaqə saxladım. Daha sonra Daxili İşlər Nazirliyinin rəhbər şəxslərilə də baş vermiş hadisə ilə bağlı danışdım. Bununla bağlı xidməti qayda araşdırma gedir və hadisə DİN rəhbərliyinin nəzarəti altındadır. İndiyədək hər zaman bizim müraciətlərimizə diqqət və qayğı ilə yanaşılıb. İnanıram ki, bu məsələ də obyektiv araşdırılacaq və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək".
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məsələ ilə bağlı araşdırma aparıldığını bildirib.
Əhməd
Şərhlər