Uşaqlıqda valideynlərdən kifayət qədər diqqət almamaq insanın həyatına düşündüyündən daha uzunmüddətli təsir göstərə bilər.
Qaynarinfo xəbər verir ki, "YourTango” nəşrinin yazdığına görə, valideyn diqqəti sağlam özünəinamın və özünü dərk etmənin formalaşması üçün həlledici rol oynayır.
Psixoloqların fikirlərinə istinad edilən materialda uşaqlıqda emosional dəstək çatışmazlığı yaşamış insanların yetkinlik dövründə tez-tez üzləşdiyi bir sıra psixoloji problemlər sadalanır.
Şəxsi sərhədlərin qurulmasında çətinlik
Məqaləyə görə, uşaqlıqda ehtiyacları sistemli şəkildə nəzərə alınmayan insanlar böyüdükdə "yox” deməkdə çətinlik çəkirlər. Onlar münasibətləri itirmək qorxusu ilə öz maraqlarını müdafiə etməkdən çəkinə bilirlər. Terapevt Merl Yost bildirir ki, uşaqlıq davranış modelləri "normal” kimi qəbul olunduğundan, onların dəyişdirilməsi şüurlu iş tələb edir.
Tərk edilmə qorxusu
Mütəxəssislərin sözlərinə görə, valideyn diqqətinin çatışmazlığı narahatlıq tipli bağlılıq formalaşdıra bilər. Bu isə ya həddindən artıq asılılıq, ya da emosional yaxınlıq yarananda insanları itələmə ilə nəticələnə bilər.
Emosiyaları ifadə edə bilməmək
Məqalədə qeyd olunur ki, uşaqlıqda hisslərini tanımağı və ifadə etməyi öyrənməyən insanlar bu çətinliyi yetkinlikdə də davam etdirirlər. Onlar emosiyaları basdırmağa və ya onlardan uzaq durmağa meylli olurlar.
İnsanlara inamsızlıq
Psixoloqlar bildirirlər ki, uşaqlıqda sabit emosional dəstək olmayanda insan başqalarına güvənməkdə çətinlik çəkir. Bu da daimi məyusluq gözləntisi və yaxın münasibət qurmaqda problemlər yaradır.
Rədd edilmə qorxusunun artması
Belə insanlar tez-tez sosial münasibətlərdən qaçır və ya ilk çətinlikdə əlaqələri dayandırırlar ki, mümkün emosional ağrını yaşamayalar.
Sağlam olmayan perfektsionizm
Məqaləyə əsasən, yalnız böyük nailiyyətlərinə görə tərif alan uşaqlar böyüyəndə mükəmməl olmağa məcburiyyət hiss edə bilirlər. Bu isə daim özünü tənqid və səhv etmək qorxusu ilə müşayiət olunur.
Qərar vermədə tərəddüd
Uşaqlıqda dəstək görməmək insanın öz intuisiyasına inamını azalda bilər. Nəticədə hətta kiçik qərarlar belə narahatlıq yarada bilər.
Özünə inamsızlıq
Psixoloqlar qeyd edirlər ki, emosional baxımsızlıq insanın özünü "kifayət qədər yaxşı olmamaq” kimi hiss etməsinə gətirib çıxara bilər.
Diqqətə güclü ehtiyac
Məqalədə bildirilir ki, diqqətdən məhrum qalan bəzi insanlar yetkinlikdə diqqət cəlb etmək üçün dramatik və ya nümayişkaranə davranış göstərə bilirlər. Lakin bu, çox vaxt əks təsir yaradır və tənha hissini artırır.
Ardıcıl monoqamiya
Bu, insanın fasilə vermədən bir ciddi münasibətdən digərinə keçməsi tendensiyasıdır. Bu davranış uşaqlıqda çatışmayan sevgi və diqqəti kompensasiya etməyə yönələ bilər.
Özünütəcrid və tənhalıq
Məqalə yekunlaşdırır ki, digər qrup insanlar isə yeni emosional ağrıdan qorxaraq tamamilə sosial əlaqələrdən uzaqlaşa bilirlər.
Aydın
Şərhlər