Xəbər lenti

Dünya 17:45 01.05.2026

"Əl-Qaidə" ilə əlaqəli qruplaşma Mali sakinlərini üsyana çağırdı

Cihadçılar Mali paytaxtı Bamakoya aparan yolların bloklanmasına başlayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

30 aprel axşamı "Cəmaat Nüsrət əl-İslam vəl-Müslimin” (JNIM, "Əl-Qaidə” ilə əlaqəli təşkilat) silahlı qruplaşması bəyanat yayaraq Mali hökumətinin devrilməsi üçün siyasi partiyaları, silahlı qüvvələri, dini qurumları və ölkənin ictimai liderlərini çağırıb.

Bu həftə terror təşkilatı Bamakoya gedən yolların blokadaya alınacağını elan edib. Qruplaşmanın nümayəndəsi şəhərdə olan şəxslərin çıxışına icazə verildiyini bildirib.

"Yol hərəkəti iştirakçılarının sözlərinə görə, son iki gün ərzində Bamakoya doğru hərəkət edən nəqliyyat axını azalıb", deyə AFP yazır. 

30 apreldə yüzlərlə minik və yük avtomobili paytaxtın bir neçə giriş nöqtəsində ilişib qalıb. Kurəmala sərhəd şəhərində yük maşını sürücüsü agentliyə bildirib: "Dünəndən burada ilişib qalmışıq. Burada göz işlədikcə ən azı yüz maşın dayanıb. Vəziyyətin sabitləşməsini gözləyirik, amma narahatlıq artır".

AFP-nin bir neçə mənbəsi Sikasso yolunda zorakı insidentlərin baş verdiyini bildirib. Təhlükəsizlik xidmətlərindəki bir mənbə bir neçə sürücünün öldürüldüyünü iddia edib. Lakin agentlik bu məlumatı müstəqil şəkildə təsdiqləyə bilməyib.

25 apreldə JNIM silahlıları tuareq üsyançı qruplaşması FLA ilə birlikdə Malidə hərbi və hökumət obyektlərinə hücum edib. Hücum zamanı Mali müdafiə naziri Sadio Kamara həlak olub. Rusiya Xarici İşlər Nazirliyi "Afrika korpusu”nun hərbçiləri arasında da toqquşmalardan sonra ölənlərin olduğunu bildirib. 28 apreldə Rusiya Müdafiə Nazirliyi Malinin şimalında yerləşən və üsyançıların ələ keçirdiyi Kidal şəhərindən kontingentin çıxarılmasını təsdiqləyib.

Aydın
--> -->