Xəbər lenti

Sənət 15:25 01.05.2026

"Bookline" layihəsi başa çatdı - İdeya isə davam edir

"Bookline (book online) – Rəqəmsal Kitab Klubu və Mütaliə Platforması” layihəsi rəsmi olaraq başa çatıb. Lakin təşkilatçılar bildirirlər ki, bu, təşəbbüsün tamamlanması deyil, ideyanın yeni mərhələyə keçididir və layihə çərçivəsində formalaşan müzakirələr, yanaşmalar və oxu təşviqi davamlı təsir gücünə malikdir.

Qaynarinfo "Alternativ" İctimai Birliyinə istinadən xəbər verir ki, layihə müddətində Azərbaycanın tanınmış yazıçı, publisist və ədəbiyyat nümayəndələri ilə silsilə podkastlar və müzakirələr təşkil olunub. Bu görüşlərdə kitabın cəmiyyətdəki rolu, müasir oxu vərdişləri, ədəbiyyatın insan düşüncəsinə təsiri və yazı prosesinin daxili mexanizmləri geniş şəkildə təhlil edilib.

Platformada keçirilən müzakirələrdə Aqşin Yenisey ədəbiyyatın oxucunu rahatlıq zonasından çıxaran, sarsıdan və düşündürən mahiyyətinə diqqət çəkib. Onun fikrincə, kitab yalnız məlumat ötürən vasitə deyil, eyni zamanda insanın daxili dünyasına təsir edən güclü bir alətdir.

Elçin Mirzəbəyli ilə aparılan müzakirələrdə isə cəmiyyətdə mütaliə vərdişlərinin zəifləməsi fonunda yaranan intellektual boşluqdan bəhs olunub. Qeyd edilib ki, oxumayan cəmiyyətlərdə düşüncə dərinliyi azalır, dil sadələşir və fikir ifadə etmək qabiliyyəti zəifləyir.

Nəşriyyat sahəsinin nümayəndəsi Şahbaz Xuduoğlu kitabın yaranma prosesinin görünməyən tərəflərini açıqlayaraq ideyanın mətnə, mətnin isə kitaba çevrilmə mərhələlərini izah edib. Onun sözlərinə görə, kitab yalnız yazılan deyil, eyni zamanda "yaşadılan” bir prosesdir.

Yazıçı Qan Turalı yaradıcılıq prosesində zaman amilinin rolundan danışaraq yazmağın təkcə ilham deyil, həm də uzunmüddətli səbr, tənhalıq və daxili mübarizə tələb etdiyini vurğulayıb.

Müasir dövrdə sosial şəbəkələrin təsiri və ədəbiyyatın bu sürətli ritmə uyğunlaşmaq çətinliyi isə Aysel Əlizadə ilə müzakirələrin əsas mövzularından biri olub. Bildirilib ki, sürətli istehlak vərdişləri fonunda kitab hələ də oxucudan dayanmağı və düşünməyi tələb edir.

Poeziya sahəsində isə Qulu Ağsəs ilə keçirilən söhbətlərdə az sözlə çox məna ifadə etməyin məsuliyyəti ön plana çıxarılıb. Onun yaradıcılığında hər misranın dərin məna yükü daşıdığı qeyd olunub.

Seyran Səxavət ilə görüşlərdə isə yaddaş, həyat təcrübəsi və ədəbiyyatın qarşılıqlı əlaqəsi diqqət mərkəzində olub. Onun yanaşmasına görə, ədəbiyyat zamanın düz xətt üzrə deyil, dövr edən bir proses kimi qavranılmasına imkan yaradır.

Layihə çərçivəsində aparılan bütün müzakirələrin ortaq məxrəcə gəldiyi əsas məqam kitabın insan həyatındakı yerinin yenidən dərk edilməsidir. Təşkilatçılar vurğulayır ki, kitab yalnız oxunan mətn deyil, insanın özünə qayıdış vasitəsi, düşüncə və daxili dialoq platformasıdır.

"Bookline” layihəsi Azərbaycan Respublikasının Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilib və Alternativ Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən həyata keçirilib.

Sonda qeyd olunur ki, layihə formal olaraq başa çatsa da, onun təsiri davam edir. Əgər bu təşəbbüs nəticəsində oxucular kitablarla daha dərin və diqqətli münasibət qurmağa başlayırsa, mütaliəyə maraq artırsa və düşüncə mədəniyyəti inkişaf edirsə, deməli, "Bookline” ideyası yaşayır və öz missiyasını yerinə yetirməyə davam edir.
--> -->