Xəbər lenti

Ürəyinizin döyüntüsünü və qan axınını eşidə bilərsiniz: Yerdəki ən sakit yerlər haradadır?
Dünya 17:24 26.11.2025

Ürəyinizin döyüntüsünü və qan axınını eşidə bilərsiniz: Yerdəki ən sakit yerlər haradadır?

Hər hansı bir təbii ərazinin tamamilə sakit olduğunu söyləmək çətindir, çünki küləyin səsi, vəhşi heyvanlar, bitkilərin xışıltısı, turistlər və yuxarıdan uçan təyyarələr kimi amillər bu səviyyəyə təsir göstərir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "IFLScience” yazır.

Məlumata görə, ABŞ-da ən sakit milli park kimi qəbul edilən yaxşı namizədlərdən biri Haleakala krateridir. Krater Sakit okean səviyyəsindən 3055 metr yüksəklikdə, Havay adasının Maui bölgəsində yerləşən Şərqi Maui vulkanında qərarlaşıb.

"Səslər, geniş mənzərələr və qaranlıq gecə səması Haleakalanın özünəməxsus atmosferini yaradan əsas ünsürlərdir. Kraterdəki fon səsi o qədər aşağıdır ki, insan eşitmə həddinə yaxınlaşır", deyə ABŞ Milli Parklar Xidməti bildirir.

Maraqlıdır ki, dərin krater küləkdən qoruyur, quraq landşaftda bitki örtüyünün azlığı isə bitkilərin xışıltısının və heyvanların burada məskunlaşmasının qarşısını alır. Buna görə ərazi həqiqətən də çox sakitdir.

Milli Parklar Xidməti əlavə edir ki, parkın təbii səs landşaftı onun ekosisteminin sağlamlığında mühüm rol oynayır. 2003-cü ildə parkdakı təbii və mövcud akustik şəraitin ölçülməsi aparılıb.

Orta gündüz fon səsi səviyyəsi uzaq bölgələrdə 21 desibeldən, sahil xətti boyunca isə 45 desibelə qədər dəyişib. Haleakala krateri ABŞ milli parkları sisteminin ən sakit yerlərindən biridir və bəzi hallarda burada səs səviyyəsi 10 desibelə qədər düşür. Ümumi gündüz səs sətrafı isə təbii mühitdəki kimi 23–46 desibel arasında dəyişir.

Qeyd olunur ki, səs səviyyəsi dəyişkən olsa da, krateri ziyarət edənlər bəzən öz ürək döyüntülərini eşitdiklərini bildirirlər. Lakin dünyada xüsusi olaraq yaradılmış ən sakit süni məkanda fon səsi səviyyəsi mənfi 24,9 desibeldir.

İnsan tərəfindən yaradılmış ən sakit yer

ABŞ-ın Minnesotadakı Minneapolis şəhərində yerləşən "Orfield” laboratoriyasındakı səsudmaz sınaq kamerası dünyanın ən sakit yeri kimi tanınıb. O, bu ada üç dəfə layiq görülüb. "Orfield Laboratories” izah edir:

"Səsudmaz kamera 99,99% səsi udan mühit kimi müəyyən edilir. NVLAP tərəfindən akkreditasiyalı akustik laboratoriyada yerləşən bu kamera tam səssiz rejimdə və ya döşəmədə əksedici səth əlavə edilərək istifadə oluna bilər. Təxminən ölçüləri: 3,8 m × 3,2 m × 2,1 m”.

1997-ci ildə ilkin akkreditasiya alındıqdan sonra laboratoriya kameradakı ən aşağı səs səviyyələrinin (-9,4 desibel, -13,4 desibel, -24,9 desibel) Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət edib və 2004, 2012 və 2021-ci illərdə üç rekord qazanıb. Mərkəz həm sınaqlar üçün, həm də sensor deprivasiyası ilə maraqlanan qonaqlar üçün fəaliyyət göstərir.

Kamera səsi maksimum dərəcədə udmaq üçün hazırlanıb. Şüşə lifli və köpükdən hazırlanmış xüsusi ucluqlar səs enerjisini dağıdır və dayanıqlı dalğaların yaranmasının qarşısını alır. Bundan əlavə, kamera titrəyişə qarşı xüsusi dayaqlar üzərində qurulub ki, xaricdən səs keçməsi minimuma ensin.

Kamera ətrafında əsası olmayan müxtəlif əfsanələr dolaşır. Məsələn, guya heç kim 45 dəqiqədən artıq içəridə qala bilməyib. Lakin bir jurnalist bunun əksini sübut edərək kamerada 3 saat keçirib. Bununla belə, bəzi ziyarətçilər ürəkbulanma, dezoriyentasiya yaşadıqlarını, damarlarında qan axınını və hətta öz göz qırpma səslərini eşitdiklərini bildiriblər.

Səs necə "mənfi" ola bilər?

Səs mənfi ola bilməz, lakin səsin ölçü vahidi olan desibel ola bilər. ABŞ-ın "Milli Karsitlik və Kommunikasiya Pozuntuları İnstitutu” bunu belə izah edir:

"Desibel digər ölçü vahidlərindən fərqlidir. Xətkeş kimi alətlər düzxətli ölçü vahidinə malikdir, desibel isə loqarifmikdir. Bu, səs intensivliyinin qulaqlarımız tərəfindən necə qəbul edildiyini daha dəqiq əks etdirir. Məsələn, 24,5 metr hündürlüyündə binaya 3 metr əlavə etsək, hündürlük cəmi 12,5% artar və bizə bir qədər yüksək görünər. Lakin 80 desibellik səsə 10 desibel əlavə etsək, səs 10 dəfə daha intensiv və təxminən iki dəfə daha yüksək eşidiləcək”.

Sıfır desibel insan eşitmə həddi kimi müəyyən edilib. Bəzi səsudmaz kameralarda fon səsi bundan da aşağı olur.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->