Xəbər lenti

UBS: Trampın siyasəti üzündən qızılın qiyməti 3200 dollara çatacaq
Dünya 17:45 17.03.2025

UBS: Trampın siyasəti üzündən qızılın qiyməti 3200 dollara çatacaq

İsveçrənin UBS investisiya bankı qızılın unsiya qiyməti ilə bağlı proqnozunu artıraraq, 2025-ci ilin sonuna qədər onun 3200 dollara çatacağını bildirib.  

Qaynarinfo bu barədə "Bloomberg"ə istinadla xəbər verir.  

UBS analitikləri bunun əsas səbəbi kimi ABŞ prezidenti Donald Trampın siyasətinin uzunmüddətli ticarət müharibəsi riskini artırmasını göstərirlər.  

Bank daha əvvəl qızılın 3000 dollara qədər bahalaşacağını proqnozlaşdırmışdı, lakin metal artıq bu həddi keçib. Bir neçə il əvvəl isə onun dəyəri 2000 dollardan yuxarı olmamışdı.  

Avstraliyanın Macquarie Group bankı da UBS-in proqnozunu təsdiqləyir və 2025-ci ilin üçüncü rübündə qızılın 3500 dollara qədər bahalaşacağını gözləyir. DoubleLine Capital şirkətinin baş direktoru, "təhvil kralı" kimi tanınan Ceffri Qundlax isə qiymətin 4000 dollara qədər yüksələcəyini istisna etmir.  

UBS analitikləri həmçinin qızıl külçələri ilə təmin olunan birja fondlarına yatırılan investisiyaların artmasını vurğulayırlar. "Bu alətlərə davamlı tələbat qiymətlərin daha da yüksəlməsi üçün əsas şərtdir", – deyə bankın hesabatında qeyd olunur.  

Digər mühüm faktor isə mərkəzi bankların qızıl alışlarını artırmasıdır. UBS ekspertlərinin fikrincə, bu alışlar illik 1000 metrik ton səviyyəsinə qayıda bilər.  

Xatırladaq ki, qızılın unsiya qiyməti tarixi rekorda çatıb – fyuçerslər 3004 dollara yüksəlib, spot bazarında isə ilk dəfə 3000 dollarlıq həddi keçib.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->