Xəbər lenti

Sərhədləri aşan texnologiya:
Texnologiya 21:19 17.03.2025

Sərhədləri aşan texnologiya: "Siborg tarakanlar"ı gəlir

Tarakanların yastı bədən quruluşu onların ən dar yerlərə belə daxil olmasını asanlaşdırır. Demək olar ki, hər şeyi yeyə bilmələri və yüksək dözümlülükləri onları məhv edilməsi çətin canlılara çevirir. Bu xüsusiyyətlər onları axtarış-xilasetmə əməliyyatlarından tutmuş, mübahisəli nəzarət məqsədlərinə qədər müxtəlif sahələrdə ideal vasitəyə çevirir. Məhz bu səbəbdən Yaponiyanın Osaka Universiteti və İndoneziyanın Diponegoro Universitetindən bir qrup alim "siborg tarakanları"nın inkişaf etdirilməsinin faydalı ola biləcəyinə qərar verib.

Qayanrinfo " ScienceAlert" jurnalına istinadən xəbər verir ki, bu layihə təbiətin və texnologiyanın üstünlüklərini birləşdirməyi hədəfləyir. Milyon illərlə davam edən təkamül nəticəsində kiçik məkanlarda və çətin şəraitdə hərəkət etməkdə ustalaşmış tarakanların anatomiyası, yüksək texnologiyalı bir "bel çantası” vasitəsilə elektron siqnallar qəbul edərək insan nəzarətində müəyyən hədəflərə yönləndirilə bilir.

Diponegoro Universitetinin maşın mühəndisi və layihənin əsas müəllifi Moçammad Ariyanto kiçik ölçüdə funksional robot yaratmağın çətinliyini vurğulayaraq, bu problemi sadə bir yanaşma ilə həll etmək istədiklərini bildirir. Onun sözlərinə görə, böcəklərə elektron cihazlar əlavə etməklə, mürəkkəb robot mühəndisliyindən yayınaraq əsas hədəflərə yönəlmək mümkün olur.

Əslində, ən müasir robotlar belə hərəkət qabiliyyəti baxımından hələ də məhdudiyyətlərə malikdir. Heyvanların incə hərəkət bacarıqları ən inkişaf etmiş robotlara belə hələ ki, əlçatmazdır. Xüsusilə, dik səthlərdə hərəkət etməkdə çətinlik çəkən robotlardan fərqli olaraq, tarakanlar divarlara dırmaşa, müxtəlif maneələri aşa, boruların içinə girə və hətta aşağı oksigen səviyyəsinə dözümlü ola bilirlər.

"Siborg böcəklər" necə işləyir?

Tədqiqat qrupu yeni bir robot yaratmaq əvəzinə Gromphadorhina portentosa növünə aid tarakanların hərəkət mexanizmini araşdırıb. Bu böcəklərin üzərinə hərəkət, maneə, nəmlik və temperatur kimi məlumatları ölçən sensorlar yerləşdirilib. Həmçinin onları idarə etmək üçün anten və bədən üzərinə elektrodlar qoşulub.

İnkişaf etdirilən bu sistem "biohibrit davranış əsaslı naviqasiya" (BIOBBN) sistemi adlanır və "çatmaq və çəkinmək" prinsipinə əsaslanır. Bu sistem, müəyyən bir hədəfə çatmaq üçün hərəkət edərkən, qarşısına çıxan maneələrdən yayınmasını təmin edir. BIOBBN, sadə mühitlər üçün bir, daha mürəkkəb şəraitlər üçün isə başqa bir naviqasiya alqoritmindən istifadə edir.

Tədqiqatçılar birinci naviqasiya sisteminin daha böyük və ağır bir elektron "bel çantası" istifadə edə biləcəyini, ikinci sistemin isə daha yüngül və kompakt bir qurğuya ehtiyac duyduğunu bildirirlər.

"Siborg tarakanları" qum, daş və taxta parçalarından ibarət maneə poliqonunda sınaqdan keçirilib. Böcəklərin hədəfə çatması üçün naviqasiya komutları diqqətlə verilib. Bununla yanaşı, onların öz yollarını tapmalarına, maneələrdən yayınmalarına və çətin vəziyyətlərdə özlərini düzəltmələrinə icazə verilib.

Tədqiqatçılar bu sistemin tarakanların təbii davranışlarından – divarlara yaxın hərəkət etmək, dırmaşmaq və maneələri aşmaq qabiliyyətlərindən – istifadə etdiyini qeyd edirlər. Daha çətin olan ikinci ssenari isə artan maneələr səbəbindən daha çox vaxt tələb edib.

Fövqəladə hallarda və kəşfiyyatda istifadə perspektivi

Bu texnologiyanın müharibə və təbii fəlakətlərdən sonra təhlükəli dağıntıları araşdırmaq və hətta axtarış-xilasetmə əməliyyatlarında xilasetmə qruplarına və sağ qalan insanlara kömək etmək üçün istifadəsi planlaşdırılır. "Siborg böcəklər" insanların daxil ola bilmədiyi dar borular, yeraltı tunellər və həssas tarixi abidələr haqqında məlumat toplaya bilər.

Bununla yanaşı, tədqiqatçılar bu böcəklərin gözdən uzaq müşahidə və nəzarət əməliyyatlarında da istifadə edilə biləcəyini bildirirlər ki, bu da daha mübahisəli bir məsələdir.

Osaka Universitetindən robot mühəndisi Keisuke Morişima "Siborg böcəklər"inin tamamilə mexaniki robotlara nisbətən daha az enerji ilə hədəflərinə çata biləcəyinə inanır. Onun sözlərinə görə, avtonom biohibrit naviqasiya sistemləri, ənənəvi robotların düşdükdən sonra özlərini düzəltmək kimi problemlərinin öhdəsindən gələ bilir. Morişima bu texnologiyanın yalnız laboratoriya şəraitində deyil, real dünyada – məsələn, vəhşi təbiətdə sınaqdan keçirilməsinin vacib olduğunu vurğulayır.

Lakin bütün bu proses boyu tarakanların nə hiss etdikləri isə hələ də məlum deyil.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->