Alimlərin Sakit okeanda apardığı araşdırmalar nəticəsində ilk dəfə "qara oksigen" adlandırılan hadisə qeydə alınıb. Bu kəşf dərin okean mühitləri və faydalı qazıntıların hasilatı üçün ciddi nəticələr doğurur.
Qaynarinfo xəbər verir ki, okeanoloq Endyu Svitman hələ 2013-cü ildə Klariyon-Klipperton zonasında (Sakit okeanın geniş sahəsi) təcrübə zamanı 4000 metr dərinlikdə oksigen yaranmasını müşahidə edib. Bu dərinlikdə günəş işığı olmadığı üçün əvvəlcə cihazın nasaz işlədiyini düşünən alim daha sonra təhlillər apararaq əslində oksigenin təbii metal konkresiyaların təsiri ilə əmələ gəldiyi qənaətinə gəlib.
"Nature Geoscience" jurnalında dərc edilən araşdırmaya görə, kobalt, nikel və litium kimi dəyərli minerallarla zəngin bu konkresiyalar suyun elektrolizi prosesinə bənzər mexanizmlə təbii batareya kimi fəaliyyət göstərir, suyu hidrogen və oksigenə parçalayır. Laboratoriya təcrübələri göstərib ki, konkresiyaların yaratdığı enerji AA tipli batareyanın gücünə bənzəyir.
Tək konkresiyanın gücü zəif olsa da, onlar böyük qruplar şəklində toplaşdıqda prosesi işə salmaq üçün kifayət qədər enerji hasil edə bilirlər. Bu isə okean dibində əlavə oksigen mənbəyinin mövcudluğunu göstərir.
Mütəxəssislər bildirirlər ki, "qara oksigen"in aşkar edilməsi dərin dəniz faydalı qazıntılarının hasilatı üçün təhlükə yaradır. Klariyon-Klipperton zonasında bir sıra şirkətlər kəşfiyyat aparır, lakin oksigenin məhz bu minerallar vasitəsilə əmələ gəlməsi dərin dəniz ekosistemlərinin qorunması baxımından böyük risklər daşıyır.
Alimlərin sözlərinə görə, hasilat prosesi bu mühitləri dağıda və bioçeşidliliyi azalda bilər. Buna görə 44 ölkədən 800-dən çox okean tədqiqatçısı dərin dəniz mədənçiliyinin dayandırılması üçün petisiya imzalayıb.
Aydın
Şərhlər