İnsanların sağlam və aktiv şəkildə qocalmasının əsas səbəbi nə genetik faktorlar, nə də sərt intizamdır. Psixoloqların fikrincə, bu prosesdə həlledici rol oynayan amil daha dərin – insanın daxili motivasiyası və həyat tərzidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Space Daily” nəşri yazır.
Mütəxəssislər bildirirlər ki, sağlam qocalan insanları gördükdə çoxları bunu "yaxşı genlər” və ya "şans”la izah edir. Lakin "Immunity and Ageing” jurnalında dərc olunan araşdırmaya görə, insan ömrünün uzunluğundakı fərqlərin cəmi 25%-i genetika ilə bağlıdır. Qalan 75% isə insanın həyat boyu etdiyi seçimlərdən asılıdır.
Alimlər qeyd edir ki, insanların öz sağlamlıqlarının onlardan asılı olmadığını düşünməsi daha rahatdır. Halbuki yaşlanmanın keyfiyyəti birbaşa gündəlik davranışlarla əlaqəlidir.
Məqalədə fiziki aktivliyə motivasiya mövzusu da xüsusi vurğulanır. Bildirilir ki, bir çox insan idmana əsasən xarici görünüşünü yaxşılaşdırmaq üçün başlayır. Lakin bu cür motivasiya uzunmüddətli deyil və tez tükənir.
Psixoloqların fikrincə, uzun illər aktiv qalan insanlar bunu məcburiyyətdən deyil, daxili istəkdən edirlər. Onlar fiziki fəaliyyəti cəza kimi deyil, həyatlarının təbii hissəsi kimi qəbul edirlər. Əksinə, günahkarlıq, utanc və ya sosial təzyiq kimi "introjektiv” motivasiya ilə edilən məşqlər psixoloji sağlamlığa mənfi təsir göstərə bilər.
Ekspertlər vurğulayır ki, intizam çox vaxt davamlı resurs deyil – həyatdakı çətinliklər, stress və yorğunluq onu zəiflədə bilər. Lakin mənalı və dəyərli hesab edilən fəaliyyətlər daha dayanıqlı olur.
Nəticə olaraq, sağlam qocalmanın əsasında bədənə münasibətin dəyişməsi dayanır. Bu yanaşmaya görə, bədən sadəcə görünüş üçün deyil, aktiv həyat üçün vasitə kimi qəbul edilir. Məhz bu düşüncə tərzi insanlara uzun illər fiziki aktivliyi qorumağa imkan verir.
Aydın
Şərhlər