"Rusiya cəmiyyəti bütövlükdə imperiya ambissiyası xəstəliyinə tutulub. Bu gün Rusiya cəmiyyəti nə qədər pis yaşasa da, buna heç bir müqavimət göstərmir. Rusiya və dövlət başçısı Putinin iddiaları böyükdür".
Bunu Qaynarinfo-ya açıqlamasında təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl Rusiyanın son zamanlar artan imperiya ambissiyasını şərh edərkən deyib.
Ekspert bildirib ki, Kreml hələ də keçmiş sovet respublikalarına Rusiya imperiyasının ərazisi kimi baxmaqda davam edir:
"Əslində Rusiyanın imperiya ambissiyası heç vaxt arxa plana keçməyib. Sadəcə olaraq, hazırda Moskva daha çox Ukrayna müharibəsinə fokuslandığından, digər qonşulara aktiv şəkildə təsir edə bilmir".
Amma bununla belə həmsöhbətimiz qeyd edir ki, yenə də Kremlin MDB məkanına müəyyən təsirləri qalmaqdadır:
"Bunu Moldovada bu yaxınlarda keçirilən seçkilərdə də gördük. İndi seçkilər öncəsi Rusiya Ermənistanda da aktivləşir. Kreml həmçinin Azərbaycanın müstəqil siyasət yürütməsini də qəbul etmir. Rusiyada bir çox siyasilər, politoloqlar hər dəfə bəyan edirlər ki, Ukraynanı bitirəndən sonra, Qazaxıstan, Azərbaycan və Ermənistanı cəzalandıracaqlar. Bu cür siyasət Putinin hakimiyyətə gəldiyi ilk gündən mövcuddur. Bu, onların fundamental siyasətidir".
İlham İsmayılın fikrincə, Moskvanın MDB, KTMT-də bir ittifaqda olduğu ölkələrə belə pis münasibət bəsləməsinin kökündə Rusiyanın həddən çox izolyasiya olunması dayanır:
"Hər dəfə bir blokda olduqları Qazaxıstanı belə hədələyirlər. Bir blokda olan dövlətlərdən biri digərini ərazi iddiası ilə hədələyirsə, deməli, yaranan bu kimi ittifaqlar sünidir".
Ekspert düşünür ki, Rusiya bu yolla çox gedə bilməyəcək:
"Ukrayna nə qədər çox silahlandırılsa, Rusiyanın vəziyyəti daha gərgin olacaq. Amma indiki sanksiyalarla Moskva geri çəkilən deyil. Ona münasibətdə daha ciddi təzyiqlər olmalıdır".
Qeyd edək ki, son zamanlar Rusiya Ukrayna ilə yanaşı, keçmiş sovet məkanının digər ölkələrinə münasibətdə də kəskin şəkildə aqressivləşməyə başlayıb. Bunu Moskvanın Moldova, Ermənistan, Qazaxıstana olan münasibətində aydın şəkildə sezmək olar. Kreml postsovet məkanı ölkələrinə qarşı zaman-zaman ərazi iddiaları irəli sürür. Rusiya Ukraynanın Krım yarımadasını ilhaq edib, 3 ilə yaxındır ki, Donbas bölgəsini də öz ərazisinə qatmaq üçün müharibə aparır.
Rusiya Qazaxıstana qarşı ərazi iddialarını da gündəmdə saxlayır. Bu siyahıda Moldova, Gürcüstan və Ermənistan da var. O da sirr deyil ki, Rusiya keçmiş Rusiya imperiyasının ərazisinə tam nəzarəti nə vaxtsa yenidən bərpa edəcəyinə ümidini qətiyyən itirməyib.
Bu fonda Rusiya prezidenti Vladimir Putin Nikolay Udoviçenkonu Rusiya Federasiyasının MDB-nin qonşu dövlətləri ilə sərhədinin delimitasiyası və demarkasiyası üzrə xüsusi nümayəndəsi təyin edib. O, həmçinin Xəzər dənizi üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri təyin edilib. Xüsusi nümayəndə eyni zamanda separatçı Abxaziya və Cənubi Osetiya ilə dövlət sərhədinin delimitasiyası və demarkasiyasına cavabdeh olacaq.
Putinin yanında olan köməkçiləri hesab edir ki, Ukraynanın işğalından sonra Orta Asiya, Baltikyanı və Cənubi Qafqaz regionlarındakı ölkələr də bir-birinin ardınca Rusiyanın tərkibinə qatılacaq. Bütün bunlar isə Kremlin imperialist iddialarının artdığına işarədir.
Rüfət Sultan
Şərhlər