İllər öncə Almatıda işləyərkən bir türkiyəli elektrik mühəndisiylə eyni evdə qalırdıq. Həm də iş yoldaşım olan türk dostum tez-tez mənə maraqlı məsəllər çəkir, həyatla bağlı məsləhətlərini verirdi. Onun ən sevimli məsllərindən biri də o idi ki, hansısa iş yaxşı görülsə, kimsə həmin işi görən adamı axtarıb, təşəkkür etməyə tələsməz. Özü də çoxları o işi öz adına çıxarmağa çalışar, iddia edər ki, bu iş məhz onun sayəsində yaxşı yerinə yetirilib. Amma əksi olanda mərəkə qalxar. "Kötü iş”in sahibini mütləq axtarıb, üzə çıxarmağa çalışarlar. Hamı günahı bir-birinin üstünə atar, həmin iş də sahibi olmayan yük kimi ortada qalar.
Futbolda da qələbə ilə məğlubiyyət belədir. "Qələbənin memarı” o qədər çox olur ki. Biri deyir mən belə olacağını demişdim, o birisi taktika verdiyini, digər isə rəqibin güclü və zəif cəhətlərini araşdırdığını deyir. Nəticə əksinə olanda, yəni, komanda məğlub olanda hərə yaxasını bir kənara çəkir. Heç kim məsuliyyəti üstünə götürmək, sinəsini irəli vermək həvəsinə düşmür. Dərhal da bir-birini "ayağa verən”lər meydana çıxır, axırda bir "günah keçisi” tapıb, hər şeyi onun üstünə "yükləyirlər”.
"Qarabağ” Çempionlar Liqasının əsas mərhələsində iki qələbə qazanıb. Komandamız səfərdə "Benfika”nı, doğma meydanda isə Danimarka çempionu "Kopenhagen”i məğlub edib. Tofiq Bəhramovun adını daşıyan Respublika stadionunda "Çelsi”yə qarşı keçirdiyimiz oyun da bizim üçün yaxşı sayılan nəticəylə yekunalşdı. Təmsilçimiz İngiltərənin adlı-sanlı komandasına qarşı əsl əzmkarlıq göstərdi, məğlub duruma düşsək də, hesabda önə keçdik. "Zadəganlar” Bakıdan apardıqları bir xalla kifayətlənib, buna sevindilər. Elə həmin "Çelsi” son turda "Barselona”nın daşını daş üstündə qoymayıb, 3:0 hesablı qələbə qazandı. "Qarabağ”sa bu tur uduzdu. "Köhlən atlar” Neapolda yerli "Napoli”yə qarşı yaxşı mübarizə aparsa da, ikinci hissədə rəqib iki qola sevindi. Özü də hər iki qolda bizim müdafiəçilərin bilavasitə iştirakı oldu.
"Napoli”yə səfərdə 0:2 hesabıyla məğlub olmağımız dünyanın sonu deyildi. Çünki bitən sadəcə növbəti 90 dəqiqə oldu. Əsl mübarizə və şanslar isə hələ irəlidədir. Turnir cədvəlinə nəzər salanda görürük ki, "Qarabağ”la "Barselona” eyni sayda xal toplayıblar, elə qonşu pillələrdə yer alıblar. Yağmurlu axşamda bizi üstələyən son İtaliya çempionu "Napoli” də 7 xal toplayıb və "Qarabağ”dan bir pillə aşağıda qərarlaşıb. "Qarabağ”ın yuxarıdan aşağı baxdığı komandaların arasında daha kimlər yoxdur? "Yuventus”, "Vilyareal”, "Atletik”, "Olimpiakos”, "Olimpik”...
Siyahını çox da uzatmadan bu komandaların sayının 16 olduğunu xatırladım. Yəni ki, hazırda "Qarabağ” 36 komandanın mübarizə apardığı turnirdə 19-cu pillədə qərarlaşıb. Sonda 24-cü olmaq kifayət edir ki, növbəti mərhələdə də Azərbaycan və "Qarabağ” adları yanaşı çəkilsin, biz nüfuzlu turnirdəki mübarizəmizi davam etdirək. Qarşıda isə hələ üç oyun var ki, "Qarabağ” rəqiblərindən ikisini doğma meydanda qəbul edəcək. Deməli, hələ də nikbin olmaq, "Qarabağ”a dəstək vermək, onun uğurlarına inanmaq üçün yetərincə əsaslar var.
"Qarabağ”ın qələbələrinə özümüzü şərik edib, sevindiyimiz kimi məğlub olanda da birlik və bərabərlik içində olmalı, Qurban Qurbanovu, onun futbolçularını tək qoymamalıyıq. Türkiyəli futbol azarkeşlərinin "yenilsən də, yensən də...” sloqanı var. Biz də o cür davranaq. "Qarabağ”ın qələbəsi də bizimdir, məğlubiyyəti də.
Amal Abuşov
Şərhlər