Azərbaycan Prezidenti İlham Əliyev Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin iştirakçılarına müraciət ünvanlayıb.
Qaynarinfo xəbər verir ki, müraciətdə deyilir:
"Hörmətli konqres iştirakçıları!
Sizi Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun 90 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktiki konqresin öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə məsuliyyətli və şərəfli fəaliyyətinizdə yeni müvəffəqiyyətlər arzulayıram.
Dünyanın mötəbər tibb qurumlarını təmsil edən tanınmış alim və mütəxəssislərin iştirak etdiyi bu konqresdə tibb elminin və səhiyyənin müxtəlif aspektlərinə dair ətraflı fikir mübadiləsi aparılacaq. Beynəlxalq praktikadan qarşılıqlı surətdə faydalanmaqla aktual məsələlərin müzakirəsinə və həllinə yönəlmiş birgə səylərinizin səmərəli olacağına inanıram.
Ölkədə səhiyyə sistemi öz inkişafının yeni mərhələsinə qədəm qoyub. Dövlətin səhiyyə siyasətinin hədəflərinə uyğun olaraq tibb ocaqları ən müasir standartlar səviyyəsində yenidən qurulur, araşdırmaların son tibbi texnoloji nailiyyətlərin tətbiqi ilə elm və təcrübənin vəhdətində aparılması təşviq edilir. Bu istiqamətdə üzərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gələn Həkimləri Təkmilləşdirmə İnstitutunun özünəməxsus xidmətləri var.
İnstitut yarandığı vaxtdan etibarən zəngin bir yol keçib. Tarixinin parlaq səhifələri görkəmli dövlət və elm xadimi Əziz Əliyevin adı ilə bağlı olan bu qocaman elm-tədris müəssisəsində məşhur alimlər nəslinin vaxtilə formalaşdırdığı peşəkar mühit indi də lazımınca qorunur. İnstitut öz bazasında topladığı yüksək hazırlıqlı professor-müəllim heyəti ilə həkimlərin təkmilləşdirilməsi və ixtisaslarının artırılması sahəsində uğurlar əldə edən, mütərəqqi təcrübənin öyrənilərək elmi-praktiki müstəvidə tətbiqinə böyük diqqət yetirən və beynəlxalq əlaqələrini davamlı genişləndirən mərkəz kimi nüfuz qazanıb.
Bu baxımdan beynəlxalq miqyaslı belə mühüm bir tədbirin məhz İnstitutun 90 illik yubileyinə həsr olunması rəmzi məna daşıyır. Əminəm ki, konqres azərbaycanlı mütəxəssislərin öz xarici həmkarları ilə əməkdaşlığını daha da möhkəmləndirəcək, insanlara göstərilən tibbi yardımın keyfiyyətinin yüksəldilməsi və ümumilikdə tibb elminin inkişafı işinə töhfəsini verəcək".
Şərhlər