"İnanmıram ki, yaranmış vəziyyət iki ölkə arasında münasibətlərin soyuması mərhələsinə gətirib çıxarsın".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev AZAL-a məxsus təyyarənin Rusiyanın Qroznı şəhəri ətrafında vurulması istiqamətində cərəyan edən prosesləri şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, Azərbaycanın irəli sürdüyü tələblərdə, deyilən formatda qeyri-adi heç nə yoxdur:
"Belə hallarda həm insanlıq, həm beynəlxalq qanunlara, həm də yazılmış və yazılmamış qaydalara görə günahkar və belə bir hadisənin törədilməsində rol oynamış tərəf şərtləri yerinə yetirməlidir. Rusiya isə bu şərtləri yerinə yetirmək istəmir. Bunu etməyəcəklərini birmənalı olaraq söyləmirlər. Amma deyirlər ki, araşdırma başa çatmalıdır. Hərçənd məsələ ilə bağlı hər şey artıq göz qabağındadır. Bir-iki detal qalıb ki, onun da son qərarın qəbuluna yəqin ki, ciddi təsiri olmayacaq".
Ekspertə görə, Moskva yəqin ki, günahı boynuna almağı özünə sığışdırmır:
"Hələ ki, Rusiya bu addımı atmır. Ola bilsin ki, günahı boynuna almağı özünə sığışdırmır. Fərqli formada olsa da, üzrhaqlıq etdi. Amma digər şərtləri də yerinə yetirməlidir".
Həmsöhbətimiz düşünür ki, məsələ öz həllini tapacaq:
"Azərbaycan mövqeyində qalacaq. Çünki ölkəmizin tələblərində qeyri-adi heç nə yoxdur. Rusiya yaxşı münasibətdə olduğu ölkə ilə münasibətləri pozmağa getməyəcək".
Arif Əliyev qeyd edib ki, Rusiya təyyarə qəzası ilə bağlı araşdırma bitməyənə qədər günahı boynuna almayacaq:
"Böyük ehtimalla Rusiya hesabını məhz ona götürüb ki, məsələ uzansın. Buna qədər də belə hallar olub və Rusiya həmin üsuldan istifadə edib. Lakin indi deyəsən daş bir qədər qayaya rast gəlib. Araşdırmanın sürətlənməsinə cəhdlər var. Həm də ortada sual yoxdur. Ukraynada vurulan təyyarə məsələsində onun necə vurulduğu barədə suallar mövcud idi. Bu halda isə məsələlərin hamısı üstədir. Təyyarənin vurulması və qəzanın yaranma səbəbləri aydındır".
Qeyd edək ki, Prezident İlham Əliyev təyyarə qəzasında həlak olan ekipaj heyətinin ailə üzvləri və sağ qalan təyyarə bələdçiləri ilə görüşündə təyyarə qəzası ilə bağlı günahkarların cəzalandırılmasını tələb etdiklərini bildirib: "Əminliklə deyə bilərəm ki, Azərbaycan vətəndaşlarının bu qəzadahəlak olmasının günahı Rusiya Federasiyası nümayəndələrinin üzərindədir. Biz ədalət tələb edirik, günahkarların cəzalandırılmasını tələb edirik, tam şəffaflıq və insani davranış tələb edirik".
Xatırladaq ki, dekabrın 25-də Bakıdan Qroznıya uçan AZAL-a məxsus "Embraer-E190" təyyarəsi dəyən zərbələr nəticəsində qəzaya uğrayıb. İdarəetmədə problemlər yaranan təyyarə Qazaxıstanın Xəzər sahilindəki Aktau şəhərinə uçub, orda yerə çırpılıb və parçalanaraq alovlanıb. Göyərtədə 67 nəfər olub ki, onlardan 38-i həlak olub.
Rüfət Sultan
Şərhlər