Xəbər lenti

ABŞ Suriyanı tərk edərsə... (ŞƏRH)
Dünya 15:16 08.01.2025

ABŞ Suriyanı tərk edərsə... (ŞƏRH)

"Tramp ABŞ qoşunlarını Suriyadan çıxarmaq məcburiyyətində qalacaq". 
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri ABŞ-ın yeni prezidenti Donald Trampın Amerika qoşunlarını Suriyadan çıxarıb-çıxarmayacağı sualına cavabında deyib:

Natiq Miri bildirib ki, YPG və PYD terrorçularının Suriyanın şimalı və Fərat çayının şərqində varlığı mümkün olmayacaq:

"Doğrudur, bu istiqamətdə Tramp müəyyən çətinliklərlə üzləşəcək. Çünki Pentaqonda bu addımın atılmasını istəməyən müəyyən qüvvələr var. ABŞ-ın dərin dövləti də bu yöndə Trampa təzyiq edəcək. Ancaq bu bütövlükdə regiondakı geosiyasi vəziyyəti dəyişə bilməz. Çünki artıq status-kvo dəyişib. Əsəd rejimi artıq mövcud deyil və onu əvəzləyən yeni hökumət ölkəni bütövləşdirmək istiqamətində ortaya konkret siyasət qoyub. Ona görə də ABŞ-ın dəstəklədiyi PKK-nın qolu olan YPG və PYD terrorçularının Suriyanın şimalı və Fərat çayının şərqində varlığı mümkün olmayacaq. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dünən verdiyi mesajları hər kəs diqqətlə oxumalıdır. Terrorçulara hər hansı bir seçim qoyulmur. Onlar silahı yerə qoymalı, Suriya vətəndaşı olmayan bütün terrorçular ölkəni tərk etməlidir. Ankara və Suriya hökumətinin tələbləri yerinə yetirilmədiyi təqdirdə, Türkiyə bəyan etdiyi kimi, hərbi əməliyyatlara başlayacaq".
 


Belə bir vəziyyət isə həmsöhbətimizə görə, ABŞ, Fransa, Almaniya üçün arzuolunmaz bir situasiya yaradacaq:

"Fransa və Almaniya Suriyaya gəlib Türkiyə ordusuna qarşı döyüşməyəcək. Ona görə də ABŞ qoşunlarının Suriyadan çıxarılmasından başqa alternativ yoxdur. ABŞ-ın getməkdə olan adminstrasiyasının burada qalmaq üçün İŞİD bəhanəsinə gəldikdə, Türkiyə həmin terrorçuları məhv etmək üçün ABŞ ilə birgə hərbi əməliyyatlara hazır olduğunu dəfələrlə bəyan edib. Vaşinqton isə buna razılıq verməyib, çünki İŞİD-in birdəfəlik məhvini istəmir. Belə ki, İŞİD-in burada qalması dolayısı ilə ABŞ-ın Suriyada varlığını təmin edir. Düşünürəm ki, Suriya ordusu Türkiyə ilə birgə rahatlıqla İŞİD-i məhv edə bilər və hansısa mərhələdə bu məsələ də həll olunacaq. Ondan sonra ABŞ Suriyada varlığını nə ilə əsaslandıracaq? Yəni bütün ehtimallar göstərir ki, ABŞ-ın Suriyada bundan sonrakı varlığı mümkünsüz olacaq. Üstəlik bunun Trampın istəyilə üst-üstə düşdüyünü də nəzərə alaq. O, hələ xeyli əvvəl bəyan edib ki, bu məsələ Suriyanın öz məsələsidir və orada ən güclü mövqe Türkiyəyə məxsusdur. Ona görə də Suriyanın işinə qarışmağa ehtiyac yoxdur. Deməli, Pentaqonun dirənməsinə rəğmən ABŞ-ın qoşunlarını Suriyada uzun müddət saxlamaq mümkün olmayacaq. Əks təqdirdə, bu, Türkiyə ilə qarşıdurma deməkdir ki, bu da NATO-nun parçalanmasına qədər gedə bilər".

Qeyd edək ki, ABŞ-ın yeni prezidenti Donald Tramp ölkə qoşunlarının Suriyadan çıxarılması sualına cavabında məsələ barədə konkret fikir bildirməyib: "Mən bu barədə sizə heç nə deyə bilməyəcəyəm, çünki bu hərbi strategiyanın bir hissəsidir, amma deyə bilərəm ki, bu Türkiyə idi. Suriyada nə baş verdiyinə baxsaq görərik ki, Rusiya və İranın mövqeləri burada zəifləyib. Prezident Ərdoğan isə müxtəlif formatlar və müxtəlif adlar altında Suriyaya öz adamlarını göndərdi və onlar hakimiyyəti ələ keçirdilər".

Amma aydındır ki, Tramp birinci prezidentlik dövründə Suriyadakı ABŞ qoşunlarının müəyəyn hissəsini çıxarmağa nail olmuşdu. Bu dəfə də onun ümumən bu istəkdə olduğu hiss olunur. Lakin Trampın bu məsələdə hökumət daxilində tam dəstək alacağı da sual altındadır.

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->