Xəbər lenti

Siyasət 17:09 08.01.2025

"Zəngəzur dəhlizinin açılması üçün bu addım atılmalıdır" - Ekspert

"Yaxın dövrdə delimitasiya və demarkasiya prosesinin daha sürətlə gedəcəyinin şahidi ola bilərik".
 
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində sərhədlərin delimitasiya və demarkasiyası, habelə Zəngəzur dəhlizilə bağlı verdiyi mesajları şərh edərkən deyib.

"Məlumat var ki, bu məsələ ilə bağlı mövcud 16 bənd var və bu bəndlərin hamısı artıq razılaşdırılıb. Amma bununla bağlı rəsmi səviyyədə heç nə deyilmir. Razılaşdırılıbsa, deməli yaxın vaxtlarda yeni sərhəd əraziləri üzrə delimitasiya və demarkasiya prosesinin daha sürətlə gedəcəyinin şahidi ola bilərik", deyə Mehman Əliyev bildirib.

İndiki vəziyyətdə ekspertə görə, Zəngəzur dəhlizinin açılması məsələsi daha realdır. Amma bununla belə, Mehman Əliyev düşünür ki, burada hər şey sülh sazişinin imzalanmasından keçir:
 


"O baş vermədən dəhliz məsələsinin həlli də real deyil. Sülh sazişi bağlanarsa, Zəngəzur dəhlizi məsələsi də öz həllini tapacaq. Bu məsələ ilə bağlı bir məqam ondan ibarətdir ki, artıq rus sərhədçiləri Ermənistanın İranla sərhədindən çıxıblar. Bu da o deməkdir ki, Zəngəzur dəhlizindən keçən bütün yol da artıq İrəvanın nəzarəti altına düşür. Ona görə də rus sərhədçilərinin İran-Ermənistan sərhədindən çıxması ilə dəhliz məsələsi bir addım irəli düşüb. Amma bütün hallarda hər şey sülh sazişinin imzalanmasından asılıdır. Saziş imzalanmasa Zəngəzur dəhlizinin açılması da real olmayacaq".

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bir sıra digər məsələlərlə yanaşı, sərhədlərin delimitasiya və demarkasiyası, habelə Zəngəzur dəhlizi məsələsinə də toxunub: "Bu ay, hər halda bizim təşəbbüsümüzlə, təklifimizlə delimitasiya məsələsini davam etdirmək üçün Azərbaycan və Ermənistan komissiyalarının növbəti görüşü olmalıdır. Bizim metodologiya üzrə yanaşmamız var, onu erməni tərəfinə təqdim etmişik. Mənə məruzə etdilər ki, aldığımız şifahi cavab ondan xəbər verir ki, onların tərəfindən xüsusi etiraz yoxdur”. 

Zəngəzur dəhlizi məsələsinə toxunan dövlət başçısı qeyd edib ki, bu dəhliz açılmalıdır və açılacaq: "Biz istəyirik ki, Cənubi Qafqazda sülh olsun, əməkdaşlıq olsun, onlar bizə mane olmasınlar. Onlar Türkiyə ilə Azərbaycan arasında coğrafi maneə kimi fəaliyyət göstərməsinlər. Zəngəzur dəhlizi açılmalıdır və açılacaqdır. Onlar bunu nə qədər tez başa düşsələr, o qədər də yaxşıdır”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->