ABŞ-ın Ukrayna üçün təklif etdiyi və ölkəni Rusiya tərəfindən işğal olunmuş ərazilərdən məhrum edəcək "sülh planı” Avropaya baha başa gələcək və uzun illər Avropa iqtisadiyyatını yükləyəcək bir qeyri-müəyyənlik ocağı yaradacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”in şərhçisi Pyer Brianson yazır.
Şərhçiyə görə, Ukraynanın bərpasının yükü Aİ-nin üzərinə düşəcək:
"Sülh sazişinin bağlanması sual doğurur: Vladimir Putin nə vaxtsa öz ölkəsinin dondurulmuş ehtiyatlarından — ABŞ, Yaponiya, Böyük Britaniya və Avropada yerləşən təxminən 300 milyard dollardan — Ukraynanın bərpası üçün istifadə etməyə razı olacaqmı? Aİ hökumətləri məhz bunu tələb edir”.
Demək olar ki, bir il əvvəl Dünya Bankı Ukraynanın bərpa xərcini növbəti on il üçün 524 milyard dollar məbləğində qiymətləndirmişdi.
"Rusiyanın öz dondurulmuş ehtiyatlarından imtina edərək xərclərin yarısını öz üzərinə götürməsi əvəzinə, Ukraynanın müttəfiqləri, görünür, yükün daha böyük hissəsini özləri daşımalı olacaqlar”, – Brianson yazır.
Dünya Bankının məlumatına görə, Ukraynanın bərpası xarici hökumətlərin, beynəlxalq təşkilatların və özəl investorların vəsaiti hesabına maliyyələşdirilməlidir. Lakin əgər ərazilərin statusu həll olunmazsa, Ukrayna özəl xarici kapital axınına ümid edə bilməyəcək və hərbi əməliyyatların bərpasından, Rusiyanın yeni işğalından qorxu uzun illər investorları çəkindirəcək.
Məqalədə həmçinin xatırladılır ki, işğaldan əvvəl Donetsk və Luqansk vilayətlərinin payına Ukraynanın ÜDM-nin təxminən 15%-i düşürdü. Buna görə də ÜDM-in bərpası vaxt tələb edəcək. Bundan başqa, Aİ geri qayıdan qaçqınların təhsili və onların adaptasiyası dövründə sosial təminatını maliyyələşdirmək məcburiyyətində qalacaq.
Həmçinin Aİ-nin təklifinə əsasən Ukrayna Silahlı Qüvvələrinin sayı 800 000 nəfər səviyyəsində müəyyən edilərsə, ordudan tərxis ediləcək təxminən 200 000 əsgərin də bənzər dəstəyə ehtiyacı olacaq.
Ukraynanın Avropa İttifaqına daxil olması da onun ərazi bütövlüyünün pozulması ilə çətinləşəcək, əgər iki regionun beynəlxalq statusu "sallanmış vəziyyətdə” qalarsa və tam şəkildə həll olunmazsa.
Bundan əlavə, Qərbi Avropa ölkələri, görünür ki, öz müdafiə xərclərini planlaşdırdıqlarından daha sürətlə artırmalı olacaqlar.
"Avropa müdafiə şirkətlərinin səhmləri Trampın ilk ‘sülh’ planının elanından sonra 5% düşsə də, investorlar, görünür, başa düşmürlər ki, Ukrayna Avropa silahlarının yeganə istiqaməti deyil. Regiondakı müdafiə büdcələrinin artımı Rusiyayla potensial münaqişəyə hazırlığa sərf olunmalıdır”, – məqalədə qeyd olunur.
Avropa və Ukrayna üçün daha bir narahatlıq ondan ibarətdir ki, "sülh” Putinə iqtisadi nəfəsalma imkanı verəcək, – Brianson yazır.
ABŞ-ın mümkün atəşkəslə bağlı ilkin variantında Vaşinqtonun 2022-ci ildən tətbiq etdiyi iqtisadi sanksiyaların ləğv edilməsi nəzərdə tutulurdu.
Nəticədə Rusiyanın iqtisadiyyatının perspektivləri – və buna uyğun olaraq onun yenidən silahlanması – daha parlaq görünəcək, – Brianson vurğulayır.
"The Atlantic” yazır ki, ABŞ-ın "sülh planı” Moskvanın Ukrayna ilə bağlı tələblərini zəiflətmək üçün özünəməxsus taktika ola bilər. Lakin Avropada bu strategiyaya skeptik yanaşılır.
Bu arada Prezident Administrasiyasının rəhbəri Andrey Yermak bəyan edib ki, Ukrayna sülh naminə öz ərazilərindən imtina etməyəcək.
Alpər
Şərhlər