Xəbər lenti

ABŞ birbaşa hərbi əməliyyatlara başlaya bilər - Maduro sona qədər dirənəcəkmi?
Dünya 13:00 28.11.2025

ABŞ birbaşa hərbi əməliyyatlara başlaya bilər - Maduro sona qədər dirənəcəkmi?

"Bu kimi təzyiq vasitələri Nikolas Maduronu istefaya getməyə və yaxud ehtimal az olsa da, onu düşərgə dəyişməyə vadar etməyə hesablanıb".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev ABŞ-ın Karakasa qarşı birbaşa hərbi əməliyyatlara başlaya biləcəyi ehtimalının artdığı bir zamanda Venesuela prezidenti Nikolas Maduronun sona qədər dirəniş göstərəcəyi, yoxsa istefa verəcəyi və yaxud digər variantları seçəcəyi məsələsini şərh edərkən deyib.

"Karib körfəzinə yerləşdirilən ABŞ dəniz donanmasının genişlənməsi və narkoticarətlə məşğul olan gəmilərin vurulması birbaşa Venesuelaya hərbi müdaxiləyə gətirib çıxarmamalıdır. Əksinə, düşünürəm ki, bu kimi təzyiq vasitələri Venesuela prezidentini istefaya və yaxud ehtimal az olsa da, onu düşərgə dəyişməyə vadar etməyə hesablanmış addımlardır. Maduro hökuməti uzun müddətdir ki, regionda Rusiya və Çinin əsas müttəfiqinə çevrilib", deyə Taleh Əliyev bildirib.
 

 
Ekspert Maduronun hakimkiyyətini saxlamaq üçün mövqe dəyişikliyinə gedəcəyini də istisna etmir: 

"Son zamanlar Venesuela prezidenti Amerika ilə əməkdaşlığa hazır olduğu barədə də bəyanatlar səsləndirir. Həmin variantın yaşama ehtimalı az olsa da, o da istisna deyil. Vaşinqton Karakasa qarşı hərbi əməliyyatların başlana biləcəyi xofunu yaradıb, xalqla Maduro rejimi arasında uçurumu dərinləşdirib, onun istefasının gerçəkləşməsinə nail olmağa çalışacaq. Ağ Ev birbaşa müharibədə maraqlı deyil. Çünki Tramp Venesuelaya qarşı birbaşa müharibəyə başlasa, proses uzun çəkəcək ki, bu da ABŞ rəhbərinin reputasiyasının korlanmasına gətirib çıxaracaq”.  

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp hərbi personal qarşısında videoçıxışı zamanı Vaşinqtonun tezliklə Venesueladan quru yolu ilə narkotik daşınmasına qarşı mübarizəyə başlayacağını bəyan edib:

"Biz bunu həll edəcəyik; biz artıq çox iş görmüşük. Dəniz yolu ilə daşınmalar 85 faiz dayandırılıb. Yəqin ki, insanların dəniz yolu ilə narkotik daşımaq istəmədiyini görmüsünüz və biz onları quruda dayandırmağa başlayacağıq. Bunu quruda etmək daha asandır və bu, çox tezliklə başlayacaq".

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->