"Avropa İttifaqının dəstəyinin dayanması Gürcüstan iqtisadiyyatı üçün fəlakətli olacaq".
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli Avropa İttifaqının maliyyə yardımı və təchizatdan məhrum etməklə bağlı Gürcüstana edilən xəbərdarlığı şərh edərkən deyib.
Akif Nəsirli bildirib ki, Gürcüstan iqtisadiyyatı o qədər də yüksək sürətlə inkişaf etməyən bir ölkədir:
"Gürcüstanın Rusiya ilə münasibətləri də birmənalı deyil. Ona görə də Gürcüstanın Avropa İttifaqının dəstəyindən məhrum edilməsi ölkə iqtisadiyyatını ciddi böhranla üz-üzə qoya bilər. Bu mənada hesab edirəm ki, Tiflis məsələ barədə yenidən düşünməyə məcbur olacaq. Çünki alternativ yol tamamilə Rusiyanın çətiri altına düşməkdir. Tiflis buna məcbur olacaqsa, Gürcüstan iqtidarı hakimiyyətini itirə bilər".
Ekspert hesab edir ki, Aİ-nin Tiflislə bağlı atmaq istədiyi addım Gürcüstan hökumətini birmənalı şəkildə ciddi seçim qarşısına qoyub:
"Yaxın zamanlarda Tiflis "Xarici agentlər haqqında" qanunu ləğv edəcək və Avropa ilə münasibətlər yenidən normallaşacaq. Onun alternativi Gürcüstan üçün uğurlu olmayacaq ki, ölkə ictimaiyyəti də buna dözməyəcək".
Qeyd edək ki, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrel qurumun Gürcüstanı maliyyə və təchizat dəstəyindən məhrum etməyə hazır olduqları barədə açıqlama ilə çıxış edib:
"Biz Gürcüstana maliyyə dəstəyini və Avropa Sülh Fondunun dəstəyini dayandırmağa hazırıq, bu, dərhal edilə bilər, bu qərarlar səs çoxluğu tələb etmir. "Xarici agentlər haqqında" qanun ləğv olunmasa, Avropa İttifaqı Gürcüstanı Avropa Sülh Fondu xətti ilə Avropa maliyyəsindən və təchizatdan məhrum etməyə hazırdır".
Rüfət Sultan
Şərhlər