Xəbər lenti

Qəzza Sülh Şurası BMT-yə alternativ ola bilərmi? - Politoloq
Dünya 12:56 17.01.2026

Qəzza Sülh Şurası BMT-yə alternativ ola bilərmi? - Politoloq

"Aqibəti bəlli olmayan bir layihənin BMT-ni əvəzləyəcəyinə inananların ağlına şübhə edirəm".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Donald Tramp administrasiyasının Qəzza Sülh Şurasının mandatını digər münaqişələrə genişləndirmək və onu BMT-yə alternativ quruma çevirmək ideyasının mümkünlüyünü şərh edərkən deyib. 

Ekspert qeyd edib ki, dünya dövlətləri, eləcə də BMT-nin digər dörd daimi üzvü Trampın bu ideyasını qəbul etməyəcək:

"Qəzza Sülh Şurası layihəsinin uğur qazanacağı bəlli deyil. Belə bir vəziyyətdə aqibəti məlum olmayan bir layihənin BMT-yə alternativ ola biləcəyi fikri tamamilə yanlışdır. Dünya dövlətləri, xüsusən də Çin və Rusiya bunu qəbul etməz. Onlardan biri nüvə dövlətidir, digəri isə güclü iqtisadiyyata malik ölkədir".
 


Müsahibimizin fikrincə, bu ideya yalnız Trampın reytinqini yüksəltmək, onu hər bir münaqişəni həll etmək gücündə olan ciddi siyasətçi kimi təqdim etmək məqsədi daşıyır: 

"Ona görə də Qəzza Sülh Şurasının mandatını digər münaqişələrə də şamil etməklə onu BMT-yə alternativə çevirmək ideyası sadəcə çiy söhbətdir. Doğrudur, son dövrlər BMT nüfuzdan düşüb, faktiki olaraq iflic vəziyyətindədir. Bu qurum öz funksiyalarının öhdəsindən gələ bilmir, böyük dövlətlərin maraqlarının təminatçısına çevrilib. Rusiya və ABŞ dəfələrlə BMT-nin qərarlarına hörmət etməyən addımlar atıblar. Bu baxımdan qurumda islahatlara ehtiyac var. Lakin bütün bunlara baxmayaraq, Trampın Qəzza Sülh Şurası ideyası BMT-ni əvəz edə bilməz".

Qeyd edək ki, xarici mətbuatın məlumatına görə, Tramp administrasiyası Qəzza Sülh Şurasının mandatını genişləndirmək və onu BMT-yə alternativ quruma çevirmək ideyasını müzakirə edir. İddialara əsasən, Vaşinqton Qəzza zolağını idarə etmək üçün yaradılması nəzərdə tutulan "Sülh Şurası”nı "Qəzzadan kənar münaqişələrlə də məşğul olacaq, BMT-nin mümkün əvəzedicisi kimi paralel və qeyri-rəsmi bir orqan” qismində nəzərdən keçirir. 

Rüfət Sultan
--> -->