Xəbər lenti

Dünya 13:48 16.11.2025

"Qazprom" Çinə uzun müddətdir gözlənilən qaz kəmərinin tikintisini sürətləndirib

Rusiyanın "Qazprom" şirkəti Çinə ildə 50 milyard kubmetr qaz çatdıracaq yeni "Sibir Gücü 2" (PS2) qaz kəmərinin tikintisi ilə bağlı planlarını sürətləndirib.

Qaynarinfo "Financial Times"a istinadən xəbər verir ki, şirkətin mühəndisləri artıq yüksək xərc tələb edən texniki layihələr üzərində işləməyə başlayıblar.

Karnegi Beynəlxalq Sülh Fondunun böyük elmi əməkdaşı və "Qazprom neft" şirkətinin keçmiş strategiya rəhbəri Sergey Vakulenkonun sözlərinə görə, mühəndislər yəqin ki, yüzlərlə cilddən ibarət texniki sənədləşməni nəzərdə tutan ilkin mühəndislik layihələndirmə mərhələsini həyata keçiriblər.

Vakulenkonun sözlərinə görə, bu mərhələ ümumi layihə dəyərinin təxminən 5 faizini təşkil edə bilər. Rusiyalı yüksək vəzifəli bir enerji mütəxəssisi isə FT-yə bildirib ki, bu xərclər ümumi məbləğin 10 faizinədək ola bilər:

"Belə xərclər yalnız o halda qeyri-adi deyil ki, xərclənən pulların boşa getməyəcəyinə və investisiyaların təhlükəsizliyinə tam əminlik olsun".

Layihənin ümumi büdcəsi açıqlanmır. Vakulenko və "Emerging Markets Oil and Gas Consulting Partners" şirkətinin təsisçisi Ronal Smit yuxarı həddi 30 milyard dollardan çox qiymətləndirirlər, lakin hər iki ekspert yekun məbləğin daha aşağı ola biləcəyini qeyd edir.

Çin rəsmilərinin yeni kəmərlə bağlı çox az açıqlama verməsi bəzi müşahidəçilərdə layihənin real irəliləyişi ilə bağlı şübhələr yaradır.

Rusiyalı enerji konsaltinqi üzrə mütəxəssislərdən biri bildirib ki, "Qazprom"un bu layihəni davam etdirməsinin səbəblərindən biri şirkətdəki layihə şöbələrinin ya bağlanmalı, ya da hər hansı işlə təmin edilməli olmasıdır.

Ekspert qeyd edir ki, "Qazprom" Çin tərəfinin nəticədə qərarını dəyişəcəyinə açıq şəkildə inanır:

"Bu, çinlilər üçün hələ də ən ucuz qaz olacaq – buna görə də "Qazprom" ciddi vəsait xərcləməyə hazırdır və məncə, onlar bu məsələdə çox da yanılmırlar".

"S&P Global Energy" analitiklərinin sözlərinə görə, PS2 kəməri üzrə qaz tədarükü böyük ehtimalla 2030-cu illərin əvvəlində mümkündür.

Smit bildirir ki, "Qazprom" hazırda PS2 layihəsi reallaşarsa onun hissəsi ola biləcək, reallaşmazsa isə yerli bazarlara xidmət edəcək seqmentlər inşa edir.

Lakin yeni işlərin aparılması qiymət və tədarük şərtləri kimi əsas məsələlər üzrə razılığın əldə olunduğu anlamına gəlmir.

Çin qaz kəmərinin tikintisini dəstəkləməkdə tələsmir. Rusiya hazırda 2019-cu ildə istifadəyə verilmiş daha qısa "Sibir Gücü" kəməri ilə Pekinə qaz ixrac edir. Sentyabr ayında tərəflər illik tədarük həcmini 38 milyard kubmetrdən 44 milyard kubmetrə yüksəltmək barədə razılaşmışdılar.

Bununla yanaşı, "Qazprom"un layihəni necə maliyyələşdirəcəyi də aydın deyil. Şirkət 2023-cü ildə 25 ildən sonra ilk dəfə zərər açıqladıqdan sonra ötən il xalis mənfəətini 1,3 trilyon rubl səviyyəsinə bərpa etsə də, "Qazprom"un 5,7 trilyon rubl (71 milyard dollar) borcu bu məbləği dörd dəfədən çox üstələyir.

Rusiya daha əvvəl bildirmişdi ki, 2028-ci ildə Sakit okeanda yerləşən yeni "Saxalin-3" layihəsində qaz hasilatına başlanacaq və bu qaz həm Çinə, həm də yerli istehlakçılara çatdırılacaq.

Bununla yanaşı, Rusiya Çinə qazı Avropaya satdığı qiymətdən daha ucuz təklif edir – təkcə 2025-ci ildə "mavi yanacaq" üzrə qiymət fərqi təxminən 40 faizə çata bilər.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->