Xəbər lenti

Dövlət Turizm Agentliyinin keçmiş əməkdaşına hökm oxundu
Ölkə 12:32 03.03.2026

Dövlət Turizm Agentliyinin keçmiş əməkdaşına hökm oxundu

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin Təhsil və təlim sektorunun keçmiş baş məsləhətçisi Nicat Hüseynova hökm oxunub.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində o, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi (vəzifə səlahiyyətlərindən sui-istifadə) ilə təqsirli bilinib. Məhkəmənin hökmü ilə ona 1 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Təqsirləndirilən şəxsin məhkəmə istintaqınadək həbsdə saxlanıldığı 6 ay 29 gün müddət bir günə iki gün hesabı ilə cəzadan çıxılıb. Nəticədə onun üzərində qəti olaraq 4 ay 2 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.

İş materiallarına əsasən, o, vəzifə səlahiyyətlərindən istifadə edərək Agentliyə daxil olmuş sənədi özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə maraqlı tərəflərə göndərib.

Bundan başqa, hadisə ilə əlaqədar Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevə şiddətli töhmət elan edilib. Qurumun Aparat rəhbəri Kənan Qasımov və Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov isə vəzifələrindən uzaqlaşdırılıblar.

Seyid
--> -->