Xəbər lenti

Putindən iddia: ABŞ və Rusiya Ukraynanın iştirakı olmadan ZAES-in birgə idarəçiliyini müzakirə edir
Dünya 11:11 26.12.2025

Putindən iddia: ABŞ və Rusiya Ukraynanın iştirakı olmadan ZAES-in birgə idarəçiliyini müzakirə edir

Vladimir Putin iddia edib ki, guya Rusiya və ABŞ arasında Ukraynanın iştirakı olmadan Zaporojye Atom Elektrik Stansiyasının (ZAES) birgə idarə olunması imkanları müzakirə edilir. 

Qaynarinfo "Kommersant”a istinadla yazır ki, Putin bu barədə Rusiya biznes nümayəndələri ilə görüşündə bildirib.

Həmçinin, Rusiya liderinin iddiasına görə, ABŞ guya Zaporojye AES-ə kriptovalyuta mayninqi üçün bir obyekt kimi maraq göstərib. O əlavə edib ki, Ukrayna ZAES-in idarə olunmasına cəlb edilməyəcək.

Bununla yanaşı, Kreml rəhbəri bildirib ki, ABŞ-ın təşəbbüsü ilə işğal olunmuş ZAES-dən Ukraynaya elektrik enerjisinin verilməsi imkanları nəzərdən keçirilir. Putin əlavə edib ki, stansiyada ukraynalı mütəxəssislər işləməyə davam edir, lakin onun sözlərinə görə, onların hamısı Rusiya pasportu alıblar.

Qeyd edək ki, 2022-ci ilin martında, Ukraynaya qarşı tammiqyaslı hərbi təcavüzün başlamasından az sonra, Rusiya işğalçıları Dnepr çayının sol sahilində, Enerqodar şəhərində yerləşən ZAES-i nəzarətə götürüblər.

Daha əvvəl UNİAN məlumat vermişdi ki, Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın ZAES-in Ukrayna, ABŞ və Rusiya tərəfindən "33% - 33% - 33%" nisbətində birgə istismar edilməsini təklif etdiyini bildirmişdi. Lakin Kiyev Kremli ZAES-in istifadəsi üzrə birgə müəssisənin tərkibində görmək istəmir. Buna görə də, Ukrayna ABŞ-a təklif edir ki, istehsal olunan elektrik enerjisinin 50%-ni Ukrayna alsın, qalan 50%-in bölüşdürülməsini isə Amerika özü müəyyən etsin.

Zelenski qeyd edib ki, Kaxovka SES-in bəndi bərpa olunmadan ZAES normal işləyə bilməz, bunun üçün isə böyük vəsait lazımdır. Həmçinin bildirmişdik ki, Zelenski müharibədən sonra ZAES-in taleyi ilə bağlı hələlik razılaşmanın olmadığını vurğulayıb. O əlavə edib ki, stansiya ətrafında təkcə elektrik enerjisinin bölüşdürülməsi ilə deyil, həm də stansiyaya çıxış və onun təhlükəsizliyi ilə bağlı çox sayda suallar var. Onun sözlərinə görə, əgər orada ukraynalı mütəxəssislər işləyəcəksə, onların harada yaşayacağı məsələsi də yaranacaq. Buna görə də, Zelenskinin fikrincə, bütün bu məqamlar MAQATE (IAEA) ilə razılaşdırılmalıdır.

Alpər
--> -->