Xəbər lenti

Milyarderlərin ən sevimli Milad məkanları - Ən yaxşı seçimlər
Dünya 21:10 25.12.2025

Milyarderlərin ən sevimli Milad məkanları - Ən yaxşı seçimlər

Həddindən artıq varlı insanlar Milad bayramlarını tez-tez Sen-Bartelmidə və ya Aspen şəhərindəki şalelərdə keçirir, "evdə divanda” istirahət etməyi seçmirlər. 

Qaynarinfo "Business Insider”ə istinadən xəbər verir ki, ilin sonuna yaxın dünyanın ən varlı şəxsləri özəl təyyarələr və superyaxtalarla kütləvi şəkildə səyahətə çıxır, ən bahalı və ən qapalı istiqamətləri seçirlər. Bu cür səfərlər çox vaxt digər milyarderlərin əhatəsində baş tutur.

"Bu, faktiki olaraq yalnız çox yüksək sərvəti olan insanlar üçün əlçatan məkanlara edilən səfərlərdir”, deyə "Business Insider”ə konsaltinq şirkəti Barton-un qurucusu Uinston Çesterfild bildirib. 

Onun sözlərinə görə, varlı müştərilər dünyanın qalan hissəsindən uzaqda yerləşən, özəl kurortlar axtarırlar.

Karib hövzəsi və Sen-Barts superyaxtalar üçün maqnitdir

Dünyanın ən böyük yaxtalarının bir çoxu artıq daha isti sulara yollanıb. Mark Tsukerberqin "Launchpad” adlı yaxtası hazırda Kaliforniya körfəzində, Kabo-San-Lukas yaxınlığındadır. Karib dənizində isə Ceff Bezosun "Koru”, Devid Geffenin "Rising Sun” və Erik Şmidtin "Whisper” yaxtaları cəmləşib. "Business Insider”in qeyd etdiyinə görə, sahiblər gəldikdən sonra onların bir çoxunun Yeni ili qarşılamaq üçün Sen-Bartsa üz tutacağı gözlənilir.

"Daim deyirəm: əgər ayaqlarınızın altında qum hiss etmək və Parisdəymiş kimi kruassan yemək istəyirsinizsə, yolunuz Sen-Bartsa düşməlidir”, elit konsyerj xidməti "Knightsbridge Circle”ın müştərilərlə iş üzrə direktoru Elizabet Braun bildirib.

Yaxtalarda qalmayanlar isə "Eden Rock” və ya milyarder Bernar Arnoya məxsus "LVMH” qrupuna daxil olan "Cheval Blanc” kimi otellərdə bir gecə üçün 7 min dollardan çox, lüks nömrələr üçün isə on minlərlə dollar ödəməli olurlar. Burada yüksək qiymət cəlbediciliyin bir hissəsidir.

"Bu, kütləvi bazar deyil. Ora yalnız həqiqətən çox varlı olanlar gedə bilər”, deyə Çesterfild vurğulayıb.

Alp və Aspen qışı sevənlərin seçimidir

Ultravarlı elitanın digər nümayəndələri isə qış tətilini dağlarda keçirməyə üstünlük verirlər. "Dağlarda bayramlar, hətta özəl adalara səfərlərdən də daha güclü şəkildə gündəlik həyatdan uzaqlaşmaq imkanı yaradır”, deyə Çesterfild bildirib.

Avropada əsas istiqamətlər Alplardır: Qştad, Sankt-Morits, Kurşövel (əvvəllər rus oliqarxlarının sevimli kurortu olub) və Val-d’İzer. Burada daşınmaz əmlakın qiymətləri artmaqda davam edir. "Knight Frank”in məlumatına görə, Qştadda bir kvadratmetrin qiyməti 47,3 min avroya çata bilər.

ABŞ-da favoritlər sırasında Kolorado ştatındakı Aspen, Veyl və Karbondale yer alır. "Altrata” şirkətinin məlumatına əsasən, Aspen ABŞ-da 30 milyon dollardan çox sərvəti olan ev sahiblərinin ən yüksək konsentrasiyasına, dünyada isə Monakodan sonra ikinci yerə malikdir.

Kurort ətrafında ikinci və ya üçüncü evi olanlar arasında hedc-fond maqnatı Ken Qriffin, "Walmart” varisi Rob Volton və iş adamı Çarlz Kox var. Tez-tez qonaq olanlar sırasında Ceff Bezos və Loren Sançes Bezos da qeyd olunur.

"Bu, Avropa apres-ski mədəniyyətinə maksimum yaxınlıqdır. Möhtəşəm dağlar, əla xizək sürmə imkanları, yüksək səviyyəli otellər və restoranlar”, deyə Braun bildirib.

Aspendə aşpaz Nobu Matsuhisanın restoranı, "Gucci” və "Prada” butikləri, həmçinin "Casa Tua” və "Caribou Club” kimi özəl klublar var – ultravarların özlərini evdəki kimi hiss etmələri üçün hər şey mövcuddur. Bununla belə, əsas cazibə xizək idmanıdır: məhz idman Aspendəki varlı ev sahiblərinin əsas maraq sahəsidir.

Kurortlar əvəzinə mənəvi səfərlər

Bununla belə, hər kəs çimərlikləri və ya dağ yamaclarını seçmir. Bəzi milyonçular və milyarderlər "daxili səyahətlərə” üstünlük verirlər.

"Onlar psixodelik praktikaların tətbiq olunduğu retritlərə gedirlər”, deyə milyonçular üçün qapalı "R360” klubunun qurucusu Çarli Qarsiya Peru və Kosta-Rikaya edilən səfərləri xatırladaraq bildirib.

Onun ironik fikrincə, bəlkə də məhz bu cür "bitki mənşəli tibb” bayram günlərində ailələrin bir-biri ilə daha yaxşı yola getməsinə kömək edir.

Xatırladaq ki, Fransanın bir sıra xizək kurortları qlobal istiləşmə səbəbindən fəaliyyətlərini yenidən nəzərdən keçirməyə və ya hətta bağlanmağa məcbur qalır. Digər bir qismi isə insanların belə bahalı istirahəti ödəyə bilməməsi səbəbindən boş qalır.

Xüsusilə Alp bölgəsində, Savoyyada yerləşən Sen-Kolomban-de-Viyar kurortu radikal addım ataraq xizək sürməni pulsuz edib və skipass almaq tələbindən imtina edib. Dəniz səviyyəsindən 1100 metr yüksəklikdə yerləşən bu kiçik qəsəbə artıq iyirmi ildən çoxdur zərər görür, lakin son iki ildə vəziyyət daha da pisləşib.

Aydın

--> -->