Ukrayna yeni seçilən ABŞ Prezidenti Donald Trampın Rusiya ilə müharibəyə son qoyacağına ümid bəsləyir. Lakin Rusiya diktatoru Vladimir Putin, çox güman ki, müharibəni dayandırmaqla razılaşmayacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna məsələləri üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker POLITICO-ya verdiyi şərhdə
bildirib.
"2024 gözləmə ili kimi keçdi. Bizdə seçkilər oldu, diqqətimiz başqa şeylərə yönəldi. Bayden administrasiyası gah "yox", gah "bəli" deyirdi... 2025-ci il isə hərəkət ili kimi görünür. Nəhayət irəliləməyə başlayırıq”, - Volker qeyd edib.
O vurğulayıb ki, qarşıdakı həftələr həm Kiyev, həm də Moskva üçün həlledici olacaq.
"Düşünürəm ki, Tramp Putinə zəng edib müharibəni dayandırmasını tələb edəcək. Amma mən hesab edirəm ki, Putin razılaşmayacaq... və Trampın komandası anlamalıdır ki, onlar güc nümayiş etdirməlidirlər. Daha qətiyyətli olmalı və bütün resurslarını səfərbər etməlidirlər”, - Volker söyləyib.
Onun sözlərinə görə, bu addımlar sanksiyaların gücləndirilməsini, ABŞ-ın enerji ixracının əhəmiyyətli dərəcədə artırılmasını və beləliklə Putinin hərbi büdcəsinin azaldılmasını, eləcə də Ukraynaya hərbi dəstəyin davam etdirilməsini nəzərdə tuta bilər.
"Bu, vergi ödəyicilərinin pulu olmadan da həyata keçirilə bilər, o cümlədən lend-liz proqramı və Avropa tərəfindən Rusiya aktivlərinin – 300 milyard avroluq vəsaitin – müsadirəsi ilə. Bu pullar ABŞ-ın müdafiə avadanlıqlarının alınması üçün istifadə edilə bilər", - Volker bildirib.
O əlavə edib ki, bu, Putinə "yaxşı heç nə olmayacaq" mesajı göndərmək üçün bir siqnal ola bilər.
Bundan əvvəl Donald Tramp, əgər Putin Ukrayna ilə danışıqlar masasına oturmasa, çox güman ki, Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəyini bəyan etmişdi.
Bununla yanaşı, Prezident Aparatının rəhbərinin müşaviri Mixaylo Podolyak isə bildirib ki, Tramp Putinlə danışdıqda anlayacaq ki, Putin dönəminin Rusiyası ilə nəyisə müzakirə etmək faydasızdır və Ukraynaya dəstəyi gücləndirmək lazımdır.
Alpər
Şərhlər