Xəbər lenti

Prezident TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi (YENİLƏNİB)
Foto 15:37 15.05.2026

Prezident TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış etdi (YENİLƏNİB)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün mayın 15-də bu ölkəyə işgüzar səfərə gəlib.

Qaynarinfo xəbər verir ki, Türküstan şəhərinin Hazret Sultan Beynəlxalq Aeroportunda dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidentini Qazaxıstanın Dövlət müşaviri Yerlan Karin, Türküstan vilayətinin akimi Nuralxan Kuşerov və digər rəsmi şəxslər qarşılayıblar.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 15-də Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edən digər prezidentlərlə birlikdə Türküstan şəhərindəki "Həzrət Sultan” Muzey-Qoruğu ilə tanış olub.

Dövlət başçılarına qoruq haqqında məlumat verilib.

Bildirilib ki, "Həzrət Sultan” Milli Tarix-Mədəniyyət Muzey-Qoruğu 1989-cu ildə yaradılıb. Muzeydəki "Nadir Eksponatlar Zalı” Qazaxıstanın ən əhəmiyyətli muzey və sərgi layihələrindən biridir. Məqsəd orta əsrlər dövrünün nadir tarixi və mədəni irsini qorumaq və təbliğ etməkdir. Muzeydə Türküstanın zəngin tarixi, Türk dünyasının mənəvi irsi və Xoca Əhməd Yasəvi məqbərəsinə aid nadir artefaktlar nümayiş olunur. Hazırda muzey-qoruğun kolleksiyasında 26 mindən çox eksponat var ki, onların da təxminən 80 faizi artefaktdır.

Sonra Türküstanda yerləşən Xoca Əhməd Yasəvi məqbərəsi ilə tanışlıq olub. Bura Mərkəzi Asiyanın ən böyük İslam memarlığı abidələrindən biridir və Qazaxıstanın mənəvi rəmzi kimi qəbul edilir. Məqbərə XIV əsrin sonunda görkəmli sufi şair, mütəfəkkir Əhməd Yasəvinin dəfn olunduğu yerdə Əmir Teymurun göstərişi ilə inşa olunub. Vahid memarlıq dizaynına malik bu kompleksdə 35-dən çox müxtəlif təyinatlı otaq yerləşir. Nadir artefaktların saxlanıldığı məqbərə İslam dünyasının mənəvi və mədəni mərkəzlərindən biri hesab olunur.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak edir.

Dövlətimizin başçısını Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev qarşılayıb.

Azərbaycan Prezidenti və tədbirdə iştirak edən digər dövlət başçıları birgə foto çəkdiriblər.

Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib.
 
***
 
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstanın Türküstan şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə çıxış edib:

Prezident İlham Əliyevin çıxışı

-Hörmətli Kasım-Jomart Kemeleviç.

Hörmətli dövlət başçıları.

İlk növbədə, göstərilən səmimi qonaqpərvərliyə görə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə təşəkkürümü bildirirəm. Qədim və zəngin tarixi-mədəni irsə malik Türküstan şəhərində olmaqdan çox məmnunam. Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edildikdən sonra qardaşlaşdığı ilk şəhər Türküstan şəhəri olmuşdur. Qədim şəhərlərimiz də xalqlarımız kimi qardaşdır.

Qazaxıstan ilə Azərbaycan arasındakı sıx əlaqələri nümayiş etdirmək üçün təkcə prezidentlər səviyyəsində həyata keçirilən qarşılıqlı səfərləri göstərmək olar. Son 5 ildə bu, mənim Qazaxıstana səkkizinci səfərimdir. Prezident Tokayev isə Azərbaycana altı dəfə səfər etmişdir. Dörd il əvvəl imzalanmış Birgə Bəyannamə əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırmışdır.

Sevindirici haldır ki, Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının ilk dəfə 2024-cü ildə Şuşada keçirilmiş qeyri-rəsmi Zirvə Görüşü təşəbbüsü artıq ənənəyə çevrilir.

Bu gün Türk Dövlətləri Təşkilatının beynəlxalq çəkisi artır, qlobal proseslərdə rolu və mövqeyi güclənir. Keçən ilin oktyabr ayında Qəbələ Zirvə Görüşündə sədrliyi qəbul edən Azərbaycan təşkilat çərçivəsində əməkdaşlığın daha da dərinləşməsi istiqamətində fəaliyyət göstərir.

Yaxın günlərdə Bakıda keçiriləcək BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində Türk Dövlətləri Təşkilatının şəhərsalma üzrə yüksəksəviyyəli dialoqu təşkil ediləcək.

Türk xalqlarının elmi-mədəni birliyinə böyük töhfə vermiş Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr edilən Türk dünyası həftəsi iyun ayında Bakıda keçiriləcək. Əminəm ki, bu tədbir xalqlarımızın mədəni həyatında əlamətdar hadisəyə çevriləcək.

Hörmətli həmkarlar, Zirvə Görüşünün mövzusu dövrümüzün çağırışlarını və prioritetlərini əks etdirir. Dünya rəqəmsal inkişaf və süni intellektin yaratdığı imkanlar sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyur. Türk dövlətləri bu prosesdə ön sıralarda yer almalıdır.

Azərbaycanın rəqəmsal suverenliyinin möhkəmləndirilməsi və innovasiya əsaslı iqtisadi modelə keçidin sürətləndirilməsi əsas vəzifələrimizdən biridir. Bu məqsədlə Rəqəmsal İnkişaf Şurası, Milli Süni İntellekt Mərkəzi və Süni İntellekt Akademiyası yaradılmışdır.

Ötən il ölkəmizdə Süni İntellekt Strategiyası qəbul edilmişdir. Strategiyanın əsas məqsədləri sırasında süni intellekt sənayesinin inkişafı, ixtisaslı kadrların hazırlanması və süni intellektin dövlət idarəçiliyində geniş tətbiqi yer alır.

Ölkəmizdə sabit genişzolaqlı internetin əhatəsi 100 faizə çatdırılmışdır. Bütün dövlət xidmətlərinin vahid rəqəmsal platforma üzərindən həyata keçirilməsi istiqamətində işlər davam edir.

Bununla yanaşı, süni intellektdən məsuliyyətli istifadənin təmin edilməsi, onun qanunazidd məqsədlər üçün istifadəsinin qarşısının alınması istiqamətində tədbirlər həyata keçirilir.

Rəqəmsal inkişaf sahəsində Türk dövlətləri ilə əməkdaşlıq uğurla davam edir. Avropa ilə Asiya arasında "Rəqəmsal İpək Yolu" layihəsi icra olunur. Bu layihənin tərkib hissəsi olan, Azərbaycan ilə Qazaxıstan arasında Transxəzər Fiber-Optik Kabel xəttinin yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlığımız genişlənir. Cari qlobal geosiyasi şəraitdə Orta Dəhlizin əhəmiyyəti daha da artır. Reallaşmaqda olan Zəngəzur dəhlizi Orta Dəhlizin əsas seqmentlərindən birinə çevriləcək.

Orta Dəhliz boyunca gömrük prosedurları sadələşdirilir. Türk Dövlətləri Təşkilatı çərçivəsində hazırlanmış "e-Permit" sistemi elektron icazələrin operativ şəkildə verilməsini təmin edir.

Əziz dostlar, ailəmiz olan Türk dünyası XXI əsrin nüfuzlu geosiyasi güc mərkəzlərindən birinə çevrilməlidir. Azərbaycan bundan sonra da Türk Dövlətləri Təşkilatının möhkəmləndirilməsi naminə səylərini əsirgəməyəcək.

Diqqətinizə görə təşəkkür edirəm.

--> -->