Xəbər lenti

NATO-nun ikinci ordusu ilə çiyin-çiyinə: Yeni hərbi sənəd Azərbaycana nə vəd edir?
Siyasət 18:02 17.12.2025

NATO-nun ikinci ordusu ilə çiyin-çiyinə: Yeni hərbi sənəd Azərbaycana nə vəd edir?

"Bu Memoranduma iki qardaş ölkə arasında münasibətlərin ən üst səviyyədə inkişafına dəstək verən növbəti sənədin qəbulu kimi baxılmalıdır".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu Milli Məclisin deputatı Arzuxan Əlizadə Türkiyə ilə Azərbaycan arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair "Anlaşma Memorandumu"nun qanunverici orqanda təsdiqi fonunda onun əhəmiyyətini şərh edərkən deyib.
 
Arzuxan Əlizadə bildirib ki, bu memorandumu iki qardaş ölkə arasında münasibətlərin daha da möhkəmləndirilməsi kimi dəyərləndirmək olar:

"Azərbaycan və Türkiyə arasındakı münasibətlər analoqu olmayan dövlətlərarası əlaqələrdə ən üst səviyyədə olan münasibətlərdir. Qəbul edilmiş memorandum da iki ölkə arasında bundan əvvəlki dövrlərdə bağlanmış müqavilələrə istinad edilməklə qəbul edilib. Anlaşma Memorandumunda 1921-ci ilin Qars müqaviləsinə, habelə 1992-ci ilin qarşılıqlı hərbi təlim-təhsil haqqında müqaviləyə, 1996-cı ilin hərbi texniki sahədə əməkdaşlıq sazişinə, 2010-cu ilin strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqaviləyə, həmçinin Şuşa Bəyannaməsinə istinadlar var. Burada dövlətlərimiz arasında hərbi təhlükəsizlik məsələsində qarşılıqlı münasibətlərin inkişafı əsas götürülüb".
 


Hərbi ekspert Üzeyir Cəfərov memorandumu indiki mürəkkəb dönəmdə vacib sənəd kimi dəyərləndirdi:

"Azərbaycanla Türkiyə arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Memorandum vacib bir sənəddir. Bu sənəd iki ölkənin müdafiə və təhlükəsizliyinə bilavasitə hüquqi baza yaradan bir sənəddir. Bundan sonra iki ölkə arasında müdafiə sahəsində bu günə qədər gördüyümüzdən də daha çox tədbirlərin şahidi olacağıq. Türkiyə Cənubi Qafqazda dayaqlarını bir qədər də möhkəmləndirir. Azərbaycan isə NATO-nun ikinci böyük ordusu ilə eyni mövqeni bölüşür, eyni məqsədlərə xidmət edir”.  
 


Qeyd edək ki, Milli Məclisin dünən keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair "Anlaşma Memorandumu"nun təsdiq edilməsi haqqında qanun layihəsi birinci oxunuşda qəbul edilib.

8 maddədən ibarət Memorandumun məqsədi qarşılıqlı olaraq tərəflərin dövlətlərinin təhlükəsizliyinin və ərazi bütövlüyünün təmin olunması, habelə suverenliyinin və müstəqilliyinin qorunması üçün tərəflər arasında müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsidir. 

Razılığa əsasən, tərəf dövlətlər birinin silahlı təcavüzə məruz qaldığı halda BMT Nizamnaməsinin 51-ci maddəsi ilə tanınan fərdi və birgə özünümüdafiə hüquqlarının həyata keçirilməsi üçün bir-birlərinə qarşılıqlı yardımın göstərilməsi öhdəliyini götürürlər.

Tərəflərin bir-birlərinə hərbi yardım göstərməsi onlardan birinin sorğusu əsasında və buna dair milli qanunvericiliklərində müəyyən edilmiş qaydaya uyğun olaraq həyata keçirilir. Həmçinin tərəflər memoranduma əsasən hərbi sahədə məlumat mübadiləsi və hərbi kəşfiyyat əməkdaşlığını gücləndirəcəklər. Hərbi təhlükəsizlik sahəsində əldə olunan məlumatları bir-birləri ilə paylaşa və bu məlumatlardan birgə əməliyyatlar zamanı istifadə edə bilərlər.

Xatırladaq ki, "Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə Türkiyə Respublikasının Milli Müdafiə Nazirliyi arasında qarşılıqlı hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə dair Anlaşma Memorandumu” 22 iyul 2025-ci il tarixində Azərbaycan və Türkiyə müdafiə nazirləri arasında imzalanıb.

Rüfət Sultan


Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->