"Bununla Moskva mesaj verir ki, region ölkələrinin hər hansı planlarının həyata keçməsi Rusiya olmadan mümkün deyil".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Rusiyanın da Zəngəzur dəhlizi kimi tanınan "Tramp yolu"nda iştirak etmək niyyətini ortaya qoymasını şərh edərkən deyib.
Arif Əliyev bildirib ki, bu açıqlama Moskvanın bölgədə öz nüfuz və təsir dairəsini yenidən bərpa etməyə başladığına işarədir:
"Rusiya "Tramp yolu"nun salınmasında maraqlı deyil. Rusiya XİN rəsmisi bəyan edib ki, Rusiya Qafqaz üçün qonşu ölkə deyil, Rusiya Qafqazın nəhəng ölkəsidir. Bu isə Rusiyanın əvvəlki yanaşma, düşüncə tərzini dəyişmədiyini göstərir. Moskva bölgədə öz nüfuz və təsir dairəsini bütövlükdə bərpa etmək düşüncəsindədir".
Həmsöhbətimiz qeyd edib ki, Ukrayna müharibəsinin hər hansı bir formada dayanmasından sonra Kremlin Qafqaza və Mərkəzi Asiyaya münasibətində daha aqressiv planları ortaya çıxacaq:
"Bu da indiki mərhələdə özünü göstərir. Elan olunur ki, Rusiya Qafqaz ölkələri qədər bu regionun taleyinin həll olunması və idarə olunmasında iştirak etməlidir. "Tramp yolu"nda Rusiyanın iştirak məsələsi isə burada bir elementdir".
Ekspert bildirib ki, ortada Amerika söhbəti olmasaydı, "Tramp yolu"na Kreml daha kəskin münasibət bildirərdi:
"Əslində Rusiya regiondakı bütün proseslərin sadəcə iştirakçısı yox, aparıcı qüvvəsi olmaq iddiasındadır. Bu iddianı da gerçəkləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edəcək. Həmin vasitələr artdıqca onun region üçün yaratdığı təhlükələr də artacaq. Bunun təzahürlərini ən müxtəlif səviyyələrdə görürük. Moskva hələ də Qarabağ münaqişəsini bitmiş hesab etmir. Yəni bu kimi hərəkətlərilə mesaj verir ki, region ölkələrinin hər hansı planlarının həyata keçməsi Rusiya olmadan mümkün deyil".
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələrilə iş üzrə 4-cü departamentinin direktoru Mixail Kalugin Rusiya tərəfinin "Tramp yolu" təşəbbüsünün parametrləri və Moskvanın bu layihədə mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazır olduğunu bəyan edib. Halbuki, buna qədər Kreml Zəngəzur dəhlizində Amerika tərəfinin iştirakına ya etiraz edir, ya da ümumiyyətlə məsələyə münasibət bildirməməklə prosesdən yan keçməyə çalışırdı. İndi isə görünür, Rusiya özü də "Tramp yolu” layihəsində yer almağa çalışır.
Rüfət Sultan
Şərhlər