Sağlamlıq və mənəvi gümrahlığı qorumaq hər bir insanın yaşlandıqca əsas məqsədlərindən biridir. Bununla belə, uzunömürlülük sadəcə genetik amillərlə deyil, həm də gündəlik vərdişlərlə sıx bağlıdır.
Qaynarinfo xəbər verir ki, "Huffpost" nəşrinin yazdığına görə, müəyyən həyat tərzi nümunələri idrak və fiziki funksiyaların uzun illər qorunmasına kömək edir.
1.Daim hərəkətdə olun
Cənubi Kaliforniya Universitetinin gerontologiya üzrə dosenti Cennifer Eylşir qeyd edib ki, gündəlik fiziki aktivlik həm uzunömürlülüklə, həm də sağlam qocalma ilə əlaqəlidir.
Hətta sadə gəzinti də bu baxımdan kifayət qədər faydalıdır. Eylşir vurğulayıb ki, yaşlı insanlar üçün ən vacib məqsədlərdən biri oturaq həyat tərzindən uzaq durmaqdır.
2.Cəmiyyət həyatında iştirak edin
Yavaş qocalan insanlar adətən sosial baxımdan aktiv olurlar – dostlarla, ailə üzvləri ilə ünsiyyət, könüllülük fəaliyyəti və ya iş mühiti bu prosesdə mühüm rol oynayır.
Araşdırmalar göstərir ki, güclü sosial əlaqələr insanın ömrünü uzadır və həm idrak, həm də fiziki sağlamlığa müsbət təsir göstərir.
3.Stressi minimuma endirin
Eylşirin sözlərinə görə, həyat qaçılmaz olaraq stresslə doludur – iş, maliyyə, sağlamlıq və ailə problemləri hər kəsi müşayiət edir. Lakin zehni və fiziki sağlamlığı qorumaq üçün artıq stressdən uzaq durmaq vacibdir.
"Bəzi yaşlı insanlar sadəcə deyirlər: "Mən başqalarının problemlərinə qarışmıram və özümü əsəbləşdirməməyə çalışıram", deyə alim bildirib.
4.Beyninizi məşq etdirin
Eylşir hesab edir ki, idrak stimulyasiyası sağlam qocalmanın əsas şərtidir. Yeni dil öyrənmək, musiqi alətində çalmağı bacarmaq və ya beyni aktiv saxlayan hər hansı fəaliyyət bu baxımdan çox faydalıdır.
Mesulam adına Neyrologiya və Altsheymer Mərkəzinin əməkdaşı doktor Tamar Gefen əlavə edib: "Əgər hər hansı tapşırıq sizi panikaya salırsa, məsələn, çətin krossvord, onu etməyə məcbur olmayın – əsas məqsəd beynə faydalı, amma zövqlü məşğuliyyət tapmaqdır".
5.Sevdiyiniz işlərə zaman ayırın
Eylşir vurğulayıb ki, xoşbəxt uzunömürlülər adətən onlara sevinc və mənəvi rahatlıq gətirən işlərlə məşğul olan insanlardır.
Gefen də bu fikri dəstəkləyərək qeyd edib: "Əgər sizə zövq verən, motivasiya yaradan və stressdən uzaq saxlayan fəaliyyətlə məşğul olmağa imkanınız varsa, bu, həm psixoloji, həm də bioloji baxımdan ömrü uzadır".
Aydın
Şərhlər