Xəbər lenti

Tarixin ən böyük yanılması: NYT
Dünya 18:42 27.10.2025

Tarixin ən böyük yanılması: NYT "mümkün deyil" dedi, 69 gün sonra möcüzə baş verdi

1903-cü ildə Amerikanın aparıcı qəzetlərindən biri, insanların uçan bir maşın düzəltməsi üçün "1 ilə 10 milyon il” lazım olacağını yazmışdı. Lakin bu iddialı proqnozdan cəmi 69 gün sonra, "Vrayt qardaşları" "Kitty Hawk Flyer” adlı təyyarə ilə ilk davamlı insanlı uçuşu həyata keçirərək aviasiya tarixini kökündən dəyişdirdi.

1903-cü ildə insanlar hələ göyü fəth etməmişdi. Uçmaq arzusu minilliklərə dayanır - eramızdan əvvəl IV əsrdə çinlilərin hazırladığı uçurtmalardan tutmuş, XIX əsrdə mühəndislərin sınaqlarına qədər bir çox cəhd nəticəsiz qalmışdı. Bu uğursuz cəhdlər uçuş mexanikasını anlamaq üçün əhəmiyyətli olsa da, hələ heç kim havanı qalib gəlməyi bacarmamışdı.

Qaynarinfo xəbər verir ki, o dövrdə aviasiya tədqiqatçısı Samuel P. Lenli öz dizayn etdiyi təyyarəni uçurmağa cəhd göstərib, lakin nəticə tam uğursuzluq olub. Bu hadisə mətbuatda geniş müzakirə edilib və Lenli lağ obyektinə çevrilib.

1903-cü il 9 oktyabr tarixli "The New York Times" qəzetinin redaksiya məqaləsində Lenlinin sınağı "gülünc fiasko” adlandırılıb. Yazının müəllifi bildirib ki, uçmaq bacarığı yalnız quşlarda min illər ərzində təkamül etmiş bir qabiliyyətdir və insanların bu nəticəyə qısa müddətdə çatmağı gözləməsi mənasızdır.

Qəzetdəki yazıda belə deyilir:

"Əgər ilkin qanadlarla başlayan bir quşun uçmağı öyrənməsi min il çəkirsə, qanadsız başlayıb sonradan qanad çıxarmaq məcburiyyətində qalan bir quşun bu mərhələyə gəlməsi on min il alır. O halda, uçacaq bir maşının da elm adamlarının fasiləsiz səyləri ilə bir milyonla on milyon il arasında inkişaf edə biləcəyi qəbul edilə bilər".

Qəzet həmçinin insanlığın uçmaq üçün əvvəlcə "cansız materiallarda çəkidən və dayanıqlılıqdan irəli gələn xırda qüsurları aradan qaldırmalı olduğunu” qeyd edir.

Bu iddialı və qəti hökmün dərcindən cəmi 69 gün sonra, 17 dekabr 1903-cü ildə Orvill və Uilbur Vrayt qardaşları, Şimali Karolinanın Kitty Hawk sahillərində tarixə düşən ilk davamlı uçuşu reallaşdırır. Onların "Wright Flyer” adını verdikləri təyyarə həmin gün dörd uçuş həyata keçirib. Son uçuşda 260 metrlik məsafə qət olunub və uğurlu eniş baş verib. Uçuşdan sonra təyyarə güclü külək nəticəsində zədələnsə də, bu hadisə insanlıq tarixində dönüş nöqtəsi olub.

Bir əsrdən artıq vaxt keçməsinə baxmayaraq, həmin məşhur yazını dərc edən "The New York Times" bu tarixi səhvini arxada qoyaraq fəaliyyətini davam etdir. Lakin Vrayt qardaşlarının 69 gün ərzində verdiyi cavab, mətbuat tarixinin ən böyük yanılmalarından biri kimi aviasiya salnaməsinə qızıl hərflərlə yazılıb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->