Azərbaycanda satılan türk dərman məmulatlarının Türkiyə apteklərində olmaması məsələsinə aydınlıq gətirilib.
Tibbi ekspert, formokoloq Müşfiq Hüseynov Qaynarinfo-ya açıqlamasında bildirib ki, hər hansı bir ölkədə istehsal olunan dərman preparatı daxili bazarda bir ad, ixrac olunan ölkədə isə başqa adda satılır:
"Bazarda belə bir praktika var. Ölkələr öz bazarlarını xaricdən gələn məhsullardan qorumaq üçün belə bir praktikaya baş vururlar. Ən çox da qonşu ölkələrdən söhbət gedir. Məsələn, "A" adlı hər hansı dərman preparatı qonşu ölkəyə "B", yaxud "C" adı ilə ixrac oluna bilər. İxrac üçün başqa ad seçilir".
Müşfiq Hüseynovun sözlərinə görə, əgər Türkiyədə eyni dərmanın satışda olub-olmamasını bilmək istəyirsinizsə, dərmanın adını deyil, onun tərkibini soruşmalısınız:
"Apteklərdə həmin tərkibdə dərmanlar mütləq var. Bu şərtlə ki, həmin dərman preparatı hər hansı Azərbaycan şirkətinin xüsusi sifarişi ilə istehsal edilməsin. Dərman şirkətləri bəzi məhsulları xüsusi sifarişlə qəbul edirlər. Məsələn, Azərbaycanda satılan "Parasetamol" digər ölkələrdə başqa adla satılır. Amma mahiyyət olaraq hamısı eynidir".
Bahar Rüstəmli
Şərhlər