"Münhen konfransı onu göstərdi ki, ABŞ-la Avropa arasında ziddiyyətlər təkcə Ukrayna məsələsinə görə deyil, ümumi gələcəyə baxış kontenkstində də genişdir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Fərhad Məmmədov Almaniyada baş tutan Münhen Təhlükəsizlik Konfransının nəticələrini dəyərləndirərkən deyib.
"Belə olan halda Avropa liderləri təcili iclas çağırıblar. Çünki bu təkcə Ukrayna məsələsinə görə yaranan ziddiyyət deyil. Daha geniş məsələlərlə bağlıdır. Ukraynaya gəldikdə isə, Münhen konfransından bir çox fikirlərin səsləndirilməsi üçün bir məkan olaraq istifadə edildi. Eyni zamanda, burada ABŞ-ın yanaşması da sərgiləndi. Onun da əsas prinsipi Ukraynasız Rusiya ilə danışıqlara getmək və yalnız daha sonra rəsmi Kiyevi məlumatlandırmaqdan ibarətdir", deyə Fərhad Məmmədov bildirib.
Həmsöhbətimizin fikrincə, Zelenskinin konfransda çıxışını həm ABŞ-a verilən cavabı, həm də Avropa liderlərinə edilən çağırış kimi də dəyərləndirmək olar:
"Zelenski burada daha çox Avropa lideri kimi danışırdı, nəinki Ukrayna prezidenti kimi. Çıxışında o, öz ölkəsinin təhlükəsizliyini Avropanın təhlükəsizliyilə eyniləşdirirdi ki, daha təsirli olsun. Yəni Münhen konfransı bu dəfə nəzəri söhbətlərdən daha çox, praktiki məsələlərin müzakirəsinə həsr olundu. Məsələlər o qədər çıxılmaz vəziyyətə düşüb ki, onu artıq qapalı deyil, açıq-aydın şəkildə müzakirələrə çıxarırlar".
Qeyd edək ki, keçən həftə Almaniyada Münhen Təhlükəsizlik Konfransı keçirilib. Burada Avropa və ABŞ-ın bir sıra rəsmi nümayəndələri iştirak edib. Azərbaycan da tədbirdə XİN rəhbəri Ceyhun Bayramovla təmsil olunub.
Burada əsas diqqət mərkəzində olan məsələ Ukrayna prezidenti Volodimir Zelenskinin çıxış olub. Onun çıxışı tərbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb. Zelenski çıxışında Avropanın təhlükəsizliyinin Ukraynanın təhlükəsizliyindən keçdiyini bildirib. Aİ ölkələri də bu əsasda ona dəstək olduqlarını bəyan ediblər. Bu isə əslində ABŞ prezidenti Donald Trampın Ukrayna ilə bağlı planının Avropa tərəfindən qəbul edilməməsi anlamına gələ bilər.
Rüfət Sultan
Şərhlər