"Ukrayna müharibəsinin 2025-ci ildə başa çatması daha çox Rusiyadan, bu ölkədəki durumdan asılıdır".
Bunu Qaynarinfo-ya açıqlamasında "Turan" İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Ukraynada 2025-ci ildə müharibənin bitəcəyilə bağlı fikirlərin geniş yayılmasını şərh edərkən deyib.
Mehman Əliyev bildirib ki, Ukraynada müharibənin dayandırılması istiqamətində hazırlıqlara bu ilin yayın əvvəllərindən başlanılıb:
"Artıq tərəflərə, əsasən də Ukrayna tərəfinə müharibəni qurtarmaq üçün danışıqlara getməklə bağlı təkliflər, təzyiqlər edilir. Bu zaman da mövcud təmas xəttinin sərhəd kimi götürülməsilə müharibənin dondurulması nəzərdə tutulur. Amma Ukrayna müharibəsinin 2025-ci ildə başa çatması daha çox Rusiyadan, bu ölkədəki durumdan asılıdır. Rusiya müharibəni dayandırmağa hazırdırsa, bu baş verəcək, əks təqdirdə hələ dava edəcək. Bu mənada da formal olaraq Rusiyaya təzyiqlər artır. Bayden adminstrasiyası Rusiyanın neft sektoruna növbəti ciddi sanksiyalar hazırlayır".
Həmsöhbətimiz qeyd edir ki, proses hər halda müharibənin dayandırılmasına doğru gedir:
"Müharibə dondurulacaq və müvəqqəti olaraq torpaqlar Rusiyanın əlində qalacaq. Ardınca uzun müddətli danışıqlar olacaq. Yəni ssenari təxminən vaxtilə Azərbaycan və Gürcüstanda olan ssenaridir".
Qeyd edək ki, son zamanlar gələn il Ukraynada müharibənin bitəcəyilə bağlı fikirlər geniş yayılmağa başlayıb. Bunu da əsasən Trampın ABŞ-da yenidən hakimiyyətə gəlməsilə əlaqələndirirlər. Rəsmi Kiyev də son vaxtlar danışıqlara hazır olduqlarının anonsunu verib.
Bu arada Macarıstanın baş naziri Viktor Orban da "Magyar Nemzet” qəzetinə müsahibəsində Ukraynadakı silahlı münaqişənin 2025-ci ildə başa çatacağını deyib. Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsinin yeni ildə bitməsi ehtimalı yüksəkdir:
"Mən buna əminəm, müharibə 2025-ci ildə başa çatacaq. Münaqişə ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə bitəcək".
Rüfət Sultan
Şərhlər