ABŞ-ın 47-ci prezidenti seçilən Donald Trampın Qrenlandiyanı ABŞ torpaqlarına qatmaq istəyi ciddi müzakirələrə səbəb olub. Trampın müşavirləri və müttəfiqləri onun bu məsələdə 100 faiz ciddi olduğunu bildirərkən, ABŞ mediası bu addımın tarixdəki ən böyük torpaq qazancı ola biləcəyini yazır.
Qaynarinfo xəbər verir ki, üç əsrdən çoxdur bu nəhəng ərazini idarə edən Danimarka isə bu açıqlamalardan sonra müdafiə tədbirlərini gücləndirib.
ABŞ-ın strateji planı və Trampın məqsədləri
Donald Tramp 23 dekabrda verdiyi açıqlamada Qrenlandiyanın ABŞ nəzarətində olması lazım olduğunu vurğulayıb və adanın mülkiyyətinin "mütləq zərurət" olduğunu qeyd edib. Bu bəyanatlar, Trampın ABŞ torpaqlarını genişləndirməyə dair bir planı olduğu iddialarını gücləndirib.
ABŞ mediasında dərc olunan xəbərlərə görə, əgər Qrenlandiya ABŞ ərazisinə qatılarsa, bu, ölkənin tarixindəki ən böyük ərazi qazancı olacaq. "New York Post" qəzetinin məlumatına görə, bu, ABŞ-ın 1803-cü ildəki Luiziananın satın alınmasını belə geridə qoyaraq Amerikanın ərazisini iki dəfə artıracaq.
Trampın bu planlarının bir hissəsi olaraq, "PayPal"ın qurucusu Ken Houveri ABŞ-ın Danimarkadakı səfiri təyin etməsi də diqqət çəkir.
Danimarkanın cavab tədbirləri
Danimarka hökuməti isə Trampın təkliflərinə sərt cavab verməsə də, Qrenlandiyanın müdafiəsini gücləndirmək üçün 1,5 milyard dollarlıq investisiya planını elan edib. Bu paketə iki yeni patrul qayığı, uzun mənzilli pilotsuz uçan aparatların alınması və iki yeni xizək iti komandasının Qrenlandiyada yerləşdirilməsi daxildir.
Danimarka Müdafiə Naziri Troels Lund Poulsen verdiyi açıqlamada bu qərarın Trampın bəyanatları ilə əlaqəli olmadığını bildirərək deyib: "Biz uzun illərdir Arktikaya kifayət qədər sərmayə yatırmamışıq, indi daha güclü bir mövcudluq planlaşdırırıq".
Danimarka II Dünya müharibəsindən bəri Qrenlandiyada patrul xidməti üçün xizək itlərindən istifadə edir. Həmçinin Danimarka adada komanda mərkəzindəki heyətin sayını artırmağı və hava limanlarını F-35 döyüş təyyarələrinin enib-qalxa bilməsi üçün yenidən qurmağı planlaşdırır.
Qrenlandiyanın strateji əhəmiyyəti
Dünyanın ən böyük adası olan Qrenlandiya buzlaqların əriməsi və yeni ticarət yollarının açılması ilə Arktikada strateji mövqeyə malikdir. Ada həmçinin zəngin yeraltı ehtiyatları və ABŞ-a yaxınlığı ilə Vaşinqton üçün mühüm əhəmiyyət kəsb edir.
2019-cu ildə də Tramp Qrenlandiyanı almaq istəyini bildirmiş, lakin Danimarka baş naziri Mette Frederiksen bu təklifi "absurd" adlandıraraq rədd etmişdi.
Aydın
Şərhlər