Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyev və digərlərinin Ali Məhkəməyə kassasiya şikayətinə aprelin 24-də baxılacaq.
Qaynarinfo-nun məlumatına görə, proses hakim İlqar Qılıcovun sədrliyi ilə keçiriləcək.
Mövlam Şıxəliyev 2015-ci ildə "MTN işi" çərçivəsində həbs edilib. Ona Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma) və digər maddələri ilə ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bakı Hərbi Məhkəməsinin hökmü ilə Mövlam Şıxəliyev 12 il müddətinə azadlıqdan məhrum edilib.
Mövlam Şıxəliyevlə İstintaq Baş İdarəsinin sabiq şöbə rəisi Vüsal Ələkbərov, ibtidai istintaq idarəsinin sabiq rəis müavini Yasin Məmmədov və şöbə rəisinin sabiq müavini Sahib Ələkbərov da mühakimə olunub.
Vüsal Ələkbərov 11 il 2 ay, Yasin Məmmədov 10 il 6 ay, rəis müavini Sahib Ələkbərov isə 8 il azadlıqdan məhrum edilib.
Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.
Seyid
Şərhlər