Xəbər lenti

İran İslam ölkələrini barışdıra biləcəkmi? (ŞƏRH)
Dünya 18:43 25.12.2024

İran İslam ölkələrini barışdıra biləcəkmi? (ŞƏRH)

"İran vitse-prezidentinin bu təklifinin hədəfi İsraildir və belə bir qurumun yaranması ehtimalı azdır".
 
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu İranın vitse-prezidenti Məhəmməd Cavad Zərifin Müsəlman Qərbi Asiya Dialoqu Assosiasiyası (MWADA) adlı qurumun yaradılması təklifini şərh edərkən deyib.

Kənan Rövşənoğlu bildirib ki, bir qədər əvvəl Türkiyə xarici işlər naziri Hakan Fidan da oxşar təkliflə çıxış edib:

"Zərif təcrübəli diplomatdır, bilir ki, hazırda Yaxın Şərqdə çox mürəkkəb bir situasiya yaranıb. Region üçün faciəvi nəticələr doğura biləcək bir vəziyyət var. Suriyada üsyançılar hakimiyyəti ələ keçirib. Paralel olaraq ölkənin şimal- şərqində kürdlər, cənub-qərbində isə İsrail Suriyanın böyük bir ərazisini işğal edib. Eyni zamanda, uzun illərdir davam edən mühairbə nəticəsində Suriya tamamilə dağılıb, iqtisadiyyat, infrastruktur məhv olub. Üstəlik, silahlı qruplar arasında birlik və sakit keçidi reallaşdırmaq qarşısında ciddi maneələr qalır. Bu mənada əslində müsəlman ölkələrinin ən azı Suriya ilə bağlı əməkaşlıq və dəstəyinə ehtiyac var".
 

  
Həmsöhbətimizin fikrincə, Yaxın Şərqdəki mövcud siyasi-hərbi vəziyyət, xarici güclərin yerləşməsi Məhəmməd Cavad Zərifin ittifaq təklifinin reallaşmasına imkan vermir:

"Məsələn, hazırda açıq görünməsə də, Türkiyə və Qətərin Suriyada təsinin artması körfəz ölkələrini, xüsusən də Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb  Əmirliklərini, habelə Misiri narahat edir. Digər tərəfdən, Suriyada və ətraf ölkələrdə ABŞ, Fransa və Britaniyanın hərbi gücü var. Eyni zamanda, İsrail Suriyanın bir hissəsini işğal edib və ordunu çıxarmaq fikrində deyil. İndiki situasiyada İran və Türkiyənin məsələn, Suriya ilə bağlı əməkdaşlıq etmək imkanı varsa da, eyni ittifaqda digər region ərəb dövlətlərinin iştirakı mümkün deyil".

Çünki ekspertə görə, bu ölkələrin İranla əməkdaşlıq perspektivi yox dərəcəsindədir:

"Hətta İran və Türkiyə, Qətər də daxil olmaqla ittifaq yaradarlarsa da, bura digər ərəb ölkələrinin qatılması ehtimalı zəifdir. Yəni başqa sözlə, geniş bir  birliyin yaradılması perspektivi hazırda yoxdur. Üstəlik İran və Türkiyə arasında da cidid fikir ayrılıqları var. Yəni 3 fərqli istiqamətin bir araya gəlməsi ehtimalı azdır". 

Kənan Rövşənoğlu deyir ki, İran  rəsmisinin təklif etdiyi ittifaqın bir nömrəli hədəfi İsraildir:

"Burada başlıca hədəf İsrailin işğalını durdurmaq, Suriyada dinc keçidi həyata keçirmək və sairdir. Amma dediyim kimi, bunun perspektivi yox deyiləcək qədər azdır".

Qeyd edək ki, İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif Yaxın Şərqdə sabitliyin bərqərar olması və regional oyunçular arasında əməkdaşlığın gücləndirilməsi üçün regionda Müsəlman Qərbi Asiya Dialoqu Assosiasiyası (MWADA) adlı yeni qurumun yaradılmasını təklif edib. Bu barədə  Cavad Zərif Böyük Britaniyanın "The Economist” jurnalındakı məqaləsində yazıb. 

İranlı siyasətçinin fikrincə, yeni təşəbbüs Yaxın Şərqdəki bütün müsəlman ölkələrini - Bəhreyn, Misir,  İran, İraq, İordaniya, Küveyt, Livan, Oman, Qətər, Səudiyyə Ərəbistanı,  Suriya, Türkiyə, BƏƏ və Yəməni ümumi din, kollektiv təhlükəsizlik və qarışmama  prinsipinə əsaslanan vahid platformada birləşdirməlidir. O qeyd edib ki,  MWADA-nın əsas prioritetləri Qəzza zolağı, Livan, Suriya və Yəməndəki bütün mövcud böhranların həlli və qeyri-regional oyunçuların müdaxiləsinə qarşı mübarizə olmalıdır: 

"MWADA nəqliyyat sahəsindən başlayaraq boru kəmərləri və telekommunikasiya şəbəkələrinə qədər infrastruktur layihələri üçün əlverişli zəmin yaradacaq. Bundan başqa, qurum  həmçinin mədəni mübadilələrə, su resurslarının idarə edilməsi sahəsində əməkdaşlığa, terrorla mübarizəyə və harmoniya içində birgəyaşayışın təşviqinə yönəlmiş media kampaniyalarına diqqət ayıracaq". 

Rüfət Sultan


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->