"Elə məmurlar var ki, istəyirlər, Anar Bağırov onların dedikləri ilə oturub-dursun”.
Bu sözləri Qaynarinfo-ya müsahibəsində Azərbaycan Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.
- Elə aztəminatlı insanlar var ki, vəkil tutmaq imkanı yoxdur. Bu cür adamlar vəkil xidmətlərindən necə istifadə edə bilər?
- Bilirsiniz, cinayət işləri və mülki işlər üzrə kasassiya inistansiya məhkəməsində qanunvericiliyə əsasən, dövlət hesabına hüquqi yardım göstərilir. Yəni aidiyyatı qurumlar vətəndaş aztəminatlı olduğu halda ona vəkil təyin edirlər. Dövlət hesabına aztəminatlı vətəndaşa hüquqi yardım göstərilir. Sonra da dövlət büdcəsi hesabına göstərilən xidmətə görə vəkilə ödəniş edilir. Bir də bəzi məhkəmə işləri var ki, o işlər üzrə dövlət hesabına hüquqi-yardım göstərilməsi nəzərdə tutulmur. Tutaq ki, mülki işlər üzrə birinci instansiya, apelyasiya məhkəməsi... Digər tərfədən vəkilin məsləhətinə ehtiyacı olan vətəndaşlara da pulsuz hüquqi yardım göstərilir. Bununla bağlı cənab prezidentin 22 fevral 2018-ci il tarixli vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər barədə sərəncamı var. Sənəddə vəkillərə tövsiyə edilir ki, vətəndaşlara pulsuz hüquqi məsləhət verilsin. Biz də təbii ki, o işi görürük. Demək olar ki, hər həftə bir yerdə aksiya keçirilir. Bəzi aksiyalarda özüm də iştirak edirəm. Biz çalışırıq ki, bu problemlər aradan qaldırılsın.
- Anar bəy, bəzən dövlət hesabına ayrılan vəkillərin fəaliyyətindən vətəndaşlar narazılıq da edir.
- Bəli, belə hallarla bağlı bizə də şikayətlər daxil olur. Bəzi hallarda vətəndaşlarımız vəkillərdən bizə şikayət edirlər. Bildirirlər ki, vəkil formal hüquqi yardım göstərir və üzərinə düşən vəzifələri tam və hərtərəfli yerinə yetirmir. Belə olan halda, biz məsələni araşdırırıq. Əgər vəkilin davranışında, fəaliyyətində qanun pozuntusu varsa, onda rəyasət heyətinin qərarı ilə intizam icraatı başlanılır. İntizam komissiyası məsələni araşdırır. Əgər həqiqətən komissiya vəkilin fəaliyyətində qanun pozuntusu halını təsdiq edirsə, onda vəkil intizam məhsuliyyətinə cəlb edilir.
- Azərbaycanda fəaliyyətindən narazı olduğunuz hakimlər varmı?
- Bilirsiniz, belə hallar var. Bəzi hakimlərin fəaliyyətində ciddi qüsurlar olur. Bunu vəkillərin, müstəntiqlərin də fəaliyyətində də görmək olar. Bu, aydın məsələdir. Heç kəs deyə bilməz ki, filan peşə sahibləri işini ideal səviyyədə bilir. Biz özümüzə tənqidi yanaşırıq. Bəli, hakimlərlə bağlı bizim əsas narazılığımız ondan ibarətdir ki, vəkillərin vəsadətlərinə biganə yanaşırlar. Vəkil vəsadət verir. İşin tam, hərtərəfli, obyektiv araşdırılmasını tələb edir. Vəkilin əlində olan səmərəli vəsadəti rədd edir, səbəbini isə izah etmirlər. Halbuki qanunvericiliyin tələblərinə görə, vəsadəti rədd edəndə əsaslandırmalıdır ki, bu nəyə görə edilir. Göstərməlidir ki, filan hallara görə vəkilin qaldırdığı vəsadət əsassızdır.
- Ən çox hansı sahə üzrə hakimlər bunu edir?
- Əsasən cinayət işləri üzrə belə hallar müşahidə olunur.
- Belə olan halda vəkillərin məhkəmədə iştirakına ehtiyac varmı?
- Qətiyən bununla razı deyiləm. Amma bu sualı mənə deyil, hakimlərə ünvanlasanız, daha yaxşı olar. İstənilən hakimə desəniz ki, vəkilin iştirakı olmadan siz məhkəmə prossesi keçirərsinizmi, deyəcək, yox. Savadlı, təcrübəli hakimlər hər zaman deyir ki, savadlı vəkil bizə böyük dəstəkdir. Qanunla hakimin, vəkilin üzərinə qoyulan əsas vəzifə tələbi işin ədalətli, obyektiv araşdırılmasıdır.
- Siz dörd ildən artıqdır ki, vəkillər kollegiyasının sədri vəzifəsindəsiz. Bu illər ərzində vəkillərin maddi durumu yaxşılaşıbmı?
- Vəkillərin maddi durumunun yaxşılaşmasına yalnız və yalnız sevinirəm. Sizə deyim ki, hüquq peşələri içərisində ən varlı, ən imkanlı şəxslər vəkillər olmalıdır. Ən yaxşı maşınları vəkillər sürməli, ən yaxşı evlərdə vəkillər qalmalıdır. Vəkil istənilən məbləğdə gəlir əldə edə bilər. Bütün dünyada belədir. Hakimin, prokurorun maaşı qanunla tənzimlənir. Bilirsiz, burada məhdudiyyət var. Vəkil hakimdən 10-20 dəfə çox pul qazana bilər. Vəkilə yalnız bir sual verilə bilər. Sən qazancından vergi ödəmisənmi?
- Vəkillərin aylıq gəlirləri hazırda orta hesabla nə qədərdir?
- Orta hesabla Azərbaycanda vəkillərin gəlirləri digər peşələrdən daha çoxdur. Aylıq 3 min, 10 min, hətta vergi verməklə 50 min manat qazanan vəkil olur. Vəkil var ki, aylıq 50-60 minlik müqavilə bağlayır. Bütün məbləğin də vergisini ödəyir. Bu gün vəkillərdən əsas tələbimiz gedib hakimlə, müstəntiqlə sövdələşməməsidir. Bir sözlə vəkil qanunsuz işlərə getməməlidir.
- Müəyyən maddi maraqlara görə hakimlə, müstəntiqlə sövdələşməyə gedən vəkillər varmı?
- Bilirsiniz, belə hallar olanda biz özümüz çox kəskin tədbirlər görürük. Bunu müvafiq dövlət qurumları da bilir. Belə hallara göz yummuruq. Ya aidiyyatı qurumlara müraciət edir, ya da xüsusi araşdırma tələb edirik. Elə hallar olur ki, Vəkillər Kollegiyası səviyyəsində onu araşdıra bilmirik. Belə olduğu təqdirdə istintaq hərəkətləri getməli, şahidlər dindirilməli, araşdırma getməlidir. Hesab edirik ki, bu cür şəxslər vəkillik adına ləkə yaxırlar. Vəkil kimlərləsə sövdələşən, qanunsuz iş birliyinə girən şəxs olmamalıdır. Bu, hakimlərə və müstəntiqlərə də aiddir. Hər kəs öz işini bacardığı qədər vicdanla görməlidir.
- Həbs edilən bəzi sabiq məmurların məhkəmələrinə jurnalistlər buraxılmır və onların məhkəmə prosesləri də uzadılır. Bu barədə nə deyə bilərsiz?
- Bununla bağlı fikir bildirə bilmərəm. Bu məsələlərlə də maraqlanmıram. Mən məhkəmə hüquq-şurasının üzvüyəm. Şurada vəkilləri təmsil edirəm. Ona görə də məhkəmə hakimiyyəti, məhkəmə fəaliyyəti ilə bağlı hansısa fikir bildirməyim də, məncə, korrekt olmalıdır.
- Sizə hər hansı bir məhkəmə işlərində vəkillərin fəaliyyəti ilə bağlı məmurlar tərəfindən xahişlər olunurmu?
- Bəli-bəli, kifayət qədər var. Əsasən də məhkəmələrdə hansısa vəkillər işlərini vicdanla görəndə, görürsən, bəzən məmurlar mənə müraciət edirlər. Mən hamısına sərt cavab verirəm. Ad çəkmək istəmirəm. Deyirəm ki, mən vəkillərin hüquqlarını müdafiə edən şəxsəm. Kiminsə xahişi ilə vəkillərə qarşı təzyiq edən şəxs deyiləm.
- O məmurlar inciyirlərmi?
- Xahişlərini yerinə yetirmədiyim üçün məndən o qədər inciyən məmurlar var ki... Əminəm ki, məni sevməyən çoxlu məmur var. Çünki işimdə prinsipialam və vəkillərin marağından çıxış edirəm.
- Sizə sözügedən məmurlar pul, mülk təklif edirlərmi?
- Yox, yox, yox... Mənə indiyədək rüşvət təklif olunmayıb. Məmurlar özləri bunu mənə deməkdən qorxarlar. Məhkəmə hüquq sistemində olan insanlar hamı məni gözəl tanıyır. Onlar bilirlər ki, mən necə xarakterli adamam. Vəkillər də bunu gözəl bilir. Vəkillər Kollegiyasında korrupsiya heç vaxt olmayıb. Bu, mümkün deyil və heç vaxt da olmayacaq. Biz bununla mübarizə aparırıq. Elə məmurlar var ki, istəyirlər, Anar Bağırov onların istəyi ilə oturub-dursun. Amma mən hesab edirəm ki, milli maraqlar olan yerdə Anar Bağırov hər zaman birinci yerdədir. Dövlət əhəmiyyətli məsələ olanda əlbəttə ki, bunu nəzərə alıram. Ancaq hansısa məmurun şəxsi maraqları olanda, hansısa qeyri-qanuni işlər olanda Anar Bağırov o işdə heç vaxt iştirak edə bilməz. Hər zaman sözügedən məmurlara deyirəm ki, gedin, işinizlə məşğul olun. Mən sizinlə müttəfiq ola bilmərəm. Mənim üçün əsas dövlət, milli və peşə marağı var. İşimdə başqa marağım yoxdur.
- Vəkillər arasında sabiq və hazırkı məmurları sizdən xahiş edənlər də var?
- Bəli, elə hallar da olur. Artıq hamı mənim xarakterimi bilir. Mən "yox” deməyi bacarıram. Azərbaycanda ən böyük problem bəzi vəzifəli şəxslərin "yox” deməyi bacarmamasıdır. Kiminsə xoşuna gəlmək istəyirlər. Kiməsə uyğunlaşmaq üçün yalandan tərif deyirlər. Bəzən də yaltaqlıq edirlər. Bəzən də qeyri-səmimi hərəkətlər. Çalışıram hamı ilə səmimi olam. 5-10 il əvvəl necə idimsə, indi də eləyəm. Məni belə hallar dəyişən deyil. Öz şəxsi maraqlarına görə çalşır kiməsə xoş getsin, yaltaqlansın, ürəyində bir şey fikirləşir, amma sözdə başqa olur. Bax mən belə ola bilmərəm. Onlar qeyri-səmimilik edir. Mən isə səmimiyyət mühitində böyümüşəm.
- Sabiq məmurlar arasında vəkil olmaq istəyənlər var?
- Bəli var. Bunun sayı kifayət qədər çoxdur. Bu gün hakimlər, prokurorlar, müstəntiqlər, müxtəlif qrumlarda çalışmış məmurlar da var ki, vəkil olmaq istəyir. Əvvəl vəkillər gedib dövlət qurumunda işləmək istəyirdi. İndi əksinədir. Çünki vəkillik sahəsində müstəqillik, sərbəstlik, qarışılıqlı hörmətə söykənən münasibətlər var.
- Vəkillər arasında necə, sizdən inciyənlər var?
- Bizim kollegiyanın 2200-ə yaxın üzvü var. Onların hamısı məndən razı ola bilməz. Onların arasında da məndən inciyən ola bilər. Bu, normal haldır. Çalışıram ki, heç kim məndən inciməsin.
- Vəkil olmaq üçün hansı kriteriyalar tələb olunur?
- Vəkil vicdanlı, çalışqan, peşəkar və ən əsası səmimi olmalıdır. Vəkil olmaq üçün ali hüquq təhsilli olmalısan. Bizdə elə vəkillər var ki, onlar dünya səviyyəsində adları olan vəkillərdir. Bu gün çox adam onları tanımır. Onlar peşə hazırlığı, təcrübəsi və təhsilinə görə beynəlxalq səviyəli vəkillərdir. Çalışıram o insanları tanıdam. Bu gün üzərində işləməyən vəkillərimiz də var. Bilik səviyəsinin üzərində işləmir, çalışqan deyil. Bilirsiz ki, vaxt keçdikcə insan öz üzərində işləməyəndə onun biliyi də köhnəlir. Yenilikləri izləmir. Nəticə etibarı ilə onun göstərdiyi hüqiqi yardım da keyfiyyətsiz olur. Təbii ki, belə məsələləri də biz izləyirik. Görəndə ki, vəkil keyfiyyətsiz hüquqi yardım göstərir, təbii ki, buna da ciddi reaksiya veririk.
- Vəkilliklə bağlı gələcəkdə hansısa bir universitetin, ya məktəblərin yaradılması nəzərdə tutulurmu?
- Bəli artıq biz ilk addımı atmışıq. Vəkillər Kollegiyasının hüquqi yardım - tədris mərkəzi yaratmışıq. Artıq təlimlərdə dərs deyənlərin 80 faizi də peşəkar vəkillərdir. Gələcəkdə, hesab edirik ki, ayrıca vəkillik məktəbinin yaradılması çox lazımı və gərəkli bir iş olardı. Bu barədə də fikirləşirik. İstəyirik, ölkəmizdə vəkillik sahəsində xüsusi məktəb olsun.
- Siyasətlə məşğul olursunuzmu?
- Mən heç bir siyasi partiyanın üzvü deyiləm. Bitərəfəm. Siyasətlə də məşğul olmuram. Sosial şəbəkələrdə fəalam. İctimai-əhəmiyyətli məsələlərə arabir vətəndaş kimi mövqeyimi bildirirəm. Amma siyasi fəaliyyətlə heç vaxt məşğul olmamışam. Heç vaxt dövlət qurumlarında da çalışmamışam. 1997-ci ildən peşə fəaliyyətinə başlayarkən arzum hər zaman vəkil olmaq olub. Uzun illər ərzində çox təəssüf ki, vəkilliyə qəbul olmayıb. Vəkilliyə 2005-ci ildə ilk test imtahanı keçirilib. Burda da 120 uğur qazanan vəkil siyahısında ən yüksək bal topladım. İlk test imtahanında 4 ən yüksək bal toplayan vəkillərdən olmuşam. Şəffaf qaydada test yolu ilə qəbul olunan ilk vəkillərdən olmuşam.
- Jurnalistlərin fəaliyyətini necə qiymətləndirirsiz?
- Hüquqi sahədə buna qiymət verə bilərəm. Təbii ki, bu sahədə bəzən jurnalistlərin fəaliyyətində bəzi qüsurlar görürəm. Bəzən jurnalistlər hüquqi məsələni tam araşdırmırlar. Üzərində işləmir, məsləhətləşmirlər. Ümumiyyətlə, jurnalistika sahəsində hüquqşunaslıq sahəsində olduğu kimi, peşəkrarlıq və təhsillə bağlı problemlər var. Məncə, jurnalistlərin də maddi durumu yaxşılaşmalıdır. Elə etmək lazımdır ki, KİV-lərin reklam gəlirləri artsın. Hər zaman jurnalistlərimizə dəstək olmuşam və onlara hər zaman hörmətlə yanaşmışam. Jurnalist işi ağır, fədakar və çox şərəfli peşədir. Siz jurnalistlər olmasa, insanlar həqiqəti, reallığı bilməz.
Amid Əyyuboğlu
Şərhlər